image-1backend

TDT-nin təsirli beynəlxalq faktora çevrilməsi xalqlarımızın ortaq marağına xidmət edir

image-ads-728x90

Dünyanın geosiyasi mənzərəsi gözlərimiz önündə sürətlə dəyişir. Faktiki olaraq, yeni dünya düzəninin ilkin konturlarını müşahidə edirik. Onu da görürük ki, ənənəvi beynəlxalq təşkilat və siyasi-hərbi ittifaqların bir çoxu yeni çağırışlar qarşısında qabaqlayıcı tədbirlər görməkdə və ən başlıcası, monolitliyini qorumaqda çətinlik çəkir. Həm də bu səbəbdən, Türk Dövlətləri Təşkilatı (TDT) təbii təməl üstünlüyü ilə başqalarından fərqlənir və nüfuzlu beynəlxalq faktora çevrilmək istiqamətində səylərini gücləndirir.

Prezident İlham Əliyevin Sentyabrın 17-də TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuralarının rəhbər heyəti ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər və verdiyi mesajlar əyani şəkildə göstərdi ki, təşkilat çərçivəsində inteqrasiya prosesi bütün istiqamətlər üzrə davam etdirilir. Görüşdə Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan rəsmiləri ilə yanaşı, Şimali Kipr Türk Respublikasının təmsil olunması beynəlxalq auditoriyaya bu mesajı verir: bütün Türk dövlətləri istisnasız olaraq TDT-nin diqqət mərkəzindədir.

Ölkələrimizin ictimai rəyində haqlı olaraq belə qənaət formalaşıb ki, Türk dövlətlərinin bir araya gəlməsindən təbii heç nə ola bilməz. Ümumi tarixi köklər, dil və din birliyi, ortaq milli-mənəvi dəyərlər bu prosesi qaçılmaz edir. Sözsüz ki, bu, belədir. Lakin o da həqiqətdir ki, Türk dövlətlərinin vahid təşkilat çərçivəsində birləşməsinə mane olmaq üçün tarixən çox əngəllər törədilib, neçə-neçə məkrli plan işə salınıb. Məqsəd qardaş xalqları parçalamaq, Türk dövlətlərinin siyasi-iqtisadi, xüsusilə hərbi- təhlükəsizlik məsələsində təşkilatlanmasının qarşısını almaq olub. Dünyanın nüfuzlu beyin mərkəzləri birmənalı olaraq razılaşır ki, Azərbaycanın savaş meydanında əldə etdiyi Zəfər Türk dünyasının oyanışında və qardaş dövlətlərin bir araya gəlməsində tarixi rol oynayır. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi və bu gün TDT daxilində gedən inteqrasiya prosesi bunun əyani sübutudur.

Təbii qardaşlıq bağları nə qədər böyük üstünlüyümüz olsa da, həmin bağların qorunması dövlət siyasətinin prioritet vəzifəsinə çevrilmədikdə, bizləri parçalamaq daha asan olur və yalnız bədxahlarımızın işinə yarayır. İstər uzaq tariximiz, istərsə də bu gün şahidi olduğumuz təhlükəli çağırışlar göstərir ki, Türk dövlətləri Liderlərinin siyasi iradəsi və mövqe birliyi TDT-nin beynəlxalq faktor kimi güclənməsini şərtləndirən əsas amildir. Prezident İlham Əliyevin dönə-dönə vurğuladığı “Bizim ailəmiz Türk dünyasıdır” çağırışı cəmiyyətimizlə yanaşı, qardaş ölkələrə o mesajı verir ki, yaşadığımız qarmaqarışıq dünyada ortaq təhlükəsizliyimiz yalnız bir yerdə olmaqdan və əməli səylərin birləşdirilməsindən keçir. Prezident İlham Əliyevin sentyabrın 17-də verdiyi mühüm mesajlardan biri elə bununla bağlı oldu:

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var”.

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam və mütləq mənada bərpa etməklə Cənubi Qafqazda yeni, Türk dünyası üçün olduqca mühüm olan geosiyasi və geoiqtisadi reallığın yaranmasına nail olub. Məhz bu reallıq Türk dövlətlərinin bütün istiqamətlər üzrə inteqrasiyası və TDT-nin beynəlxalq arenada təsirli faktora çevrilməsi üçün tarixi fürsət yaradır. Prezident İlham Əliyevin strateji uzaqgörənliyi və praqmatik siyasi vizyonu sayəsində Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə yekdilliklə tamhüquqlu üzv qəbul olunub və bununla da “C5” formatı faktiki olaraq “C6” formatına çevrilib. Bədxahlarımızın Qələbəmizi həzm edə bilməməsinin əsas səbəblərindən biri də elə bununla-Zəfərimizin Türk dünyasının birliyi üçün yaratdığı tarixi fürsətlə bağlıdır.

Torpaqlarımızın işğaldan azad edilməsinin, ərazi bütövlüyü və suverenliyimizin bərpasının niyə bu qədər uzun çəkməsinin səbəbini həm də bunda-böyük güclərin məqsədli müqavimətində axtarmaq lazımdır. Prezident İlham Əliyevin səsləndirdiyi növbəti açıqlama isə 30 il boyunca üz-üzə qaldığımız ədalətsizliyin, ayrı-seçkiliyin və BMT kimi ali təşkilatın dişsizliyinin səbəblərini daha dəqiq və tam dolğunluğu ilə ifadə edir:

Böyük dövlətlər, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri üçün bu, maraqlı olduqda, qətnamələri bir gün ərzində həyata keçirirlər. Bu, onlar üçün maraqlı olmadıqda və ya bizim vəziyyətimizdə olduğu kimi, bunu özləri üçün əlverişsiz hesab etdikdə isə həmin qətnamələr 30 il ərzində kağız üzərində qaldı. Sonra biz gəlib bizə məxsus olanı geri aldıq”.

Cənab Prezident ətrafımızda cərəyan edən təhlükəli geosiyasi çağırışları, yaxın coğrafiyada və bilavasitə qonşuluğumuzda davam edən qanlı müharibələri nəzərə alaraq, özümüzün və qardaş xalqların növbəti ədalətsizliklə üzləşməməsi üçün TDT-yə üzv olan ölkələrə tarixi çağırış etdi:

Lakin bir daha demək istəyirəm ki, biz birgə səylərlə təşkilatımızın potensialını o dərəcədə gücləndirməliyik ki, o, ən yüksək tribunalardan təkcə öz mövqeyini bəyan etməsin, həm də onu müdafiə edə bilsin. Bütün bunlar bizim, ölkələrimizin əlindədir. Buna birgə səylərlə nail olacağıq”.

Cəmiyyətimizlə yanaşı, qardaş xalqların ictimai rəy daşıyıcıları da yaxşı bilirlər ki, ümumi coğrafi üstünlüyümüz, böyük təbii resurslar, ərazilərimizdən keçən strateji nəqliyyat dəhlizləri, güclü iqtisadi potensial və geniş logistika imkanları həmişə olduğu kimi, bundan sonra da böyük güclərin marağında olacaq. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, üstünlüklərimizin başağrısına deyil, əksinə, tarixi fürsətə çevrilməsi və ortaq təhlükəsizliyə, əmin-amanlığa, ümumi rifaha xidmət etməsi Liderlərimizin əməli fəaliyyətinə göstərməli olduğumuz ictimai dəstəkdən də əhəmiyyətli dərəcədə asılıdır.

Ülvi Quliyev,

Milli Məclisin deputatı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki