
Newscenter-az-ın xəbərinə görə, layihənin əsas məqsədini işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhali arasında mina və partlamamış hərbi sursatlar, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) tədbirləri təşkil etməklə məlumatlandırma işlərinin səmərəliliyinin artırılması, mina insidentlərin minimuma endirilməsi və minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası təşkil edir. Layihə işğaldan azad edilmiş Cəbrayıl, Fizuli, Xocəvənd, Zəngilan şəhərlərində icra olunur.

Layihənin icra planına uyğun olaraq, Xocavənd şəhərində maarifləndirici tədbir həyata keçirilib. Tədbiri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Xocavənd ərazi şöbəsinin aparıcı məsləhətçisi Xıdırlı Elgün açaraq, qonaqları və tədbir iştirakçılarını salamlamış, Xocavənd rayonunda həyata keçirilən maarifləndirmə tədbirinin vacibliyini yüksək qiymətləndirmiş, tədbirin Böyük Qayıdış prossesinə ciddi əngəl yaradan mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükə ilə bağlı sakinlərin maarifləndirilməsi və təhlükəsiz yaşayışı üçün xüsusi əhəmiyyətini qeyd edib. Layihə koordinatoru Zaur Quliyev layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlər haqqında məlumat vermişdir.

“Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatının sədri Faiq Seyidov layihənin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosessinin həyata keçirilməsinə dəstək xarakteri daşıdığını, rəhbəri olduğu təşkilatın mina və PSTM istiqamətində maarifləndirmə və minatəmizləmə əməliyyatı üzrə təcrübəsi haqqında məlumat verib.
Layihə üzrə təlimçi, minadan zərərçəkən, ANAMA-nın keçmiş əməkdaşı Hasil Yusubov təqdimatla çıxış edərək mina, MPQ və növləri haqda məlumat, mina mifləri, mina təhlükəsinin törətdiyi fəsadlar və acı nəticələri, mina və partlamamış hərbi sursatlarla təhlükəsiz davranış vərdişləri və hərəkət qaydaları, maarifləndirmə işlərinin davamlılığı mövzusunda məlumatlar vermiş, iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

Xocavənd şəhər sakinləri tədbirin təşkil olunmasına görə “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatına, əhəmiyyətli layihəni maliyyələşdirdikləri üçün Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fonduna minnətdarlığını bildirib maarifləndirmə tədbirlərinin davamlı xarakter almasını, təhsil müəssisələrində də təşkilini xahiş ediblər.

Tədbirdə hər bir iştirakçı üçün dəftərxana ləvazimatlarından ibarət qovluq və sertifikatlar təqdim olunub. Tədbirin sonunda cay-kofe fasiləsi zamanı da müzakirələr davam etdirilib. Layihə çərçivəsində növbəti maarifləndirmə tədbirlərinin Cəbrayıl və Zəngilan şəhərlərində həyata keçirilməsi nəzərdə tutulur.





















