ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov zamanı qadını maralla səhv salaraq güllələyib. Hadisə nəticəsində 39 yaşlı qadın həyatını itirib.
NBC News-un məlumatına görə, Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed Ellendale şəhərində baş verən hadisə ilə bağlı saxlanılıb.
Ştat polisi bildirib ki, hadisə zamanı 39 yaşlı Santos Maria Çilel Soto bir kişi və iki uşaqla birlikdə tarlada olub. İstintaqın ilkin məlumatlarına görə, Murhed gizli sığınacaqdan ov edərkən ərazidə maral gördüyünü düşünüb və tüfəngdən atəş açıb. Lakin güllə qadına dəyib.
Hadisədən sonra polis yaralı qadına ilkin tibbi yardım göstərib. Daha sonra xəstəxanaya çatdırılan Santos Maria Çilel Soto aldığı güllə yarasından dünyasını dəyişib.
Polis mərhumun Delaver ştatının Corctaun şəhərindən olduğunu açıqlayıb.
Uolter Murhed qəsdən adam öldürmə, ehtiyatsızlıqdan təhlükəyə atma və ağır cinayət törədilərkən odlu silahdan qanunsuz istifadə ittihamları ilə üzləşib.
Məlumata görə, saxlanıldıqdan sonra Murhed 43 min dollar girov qarşılığında sərbəst buraxılıb.





















