ABŞ öz vətəndaşlarına İranı “indi” tərk etmələri barədə xəbərdarlıq edib və onları heç bir səbəbdən bu ölkəyə səfər etməməyə çağırıb.
Korrekt.az xəbər verir ki, ABŞ-nin Tehrandakı Virtual Səfirliyi yayımladığı təhlükəsizlik xəbərdarlığında Yaxın Şərqdə təhlükəsizliklə bağlı vəziyyətin mürəkkəb olaraq qaldığını və gözlənilməz gərginliyin artması ehtimalının olduğunu bildirib. Amerikalılara daha diqqətli olmaları, uçuşların ləğvi, hava məkanının bağlanması və digər səyahət məhdudiyyətləri ehtimalını nəzərə almaları tövsiyə olunub.
Xəbərdarlıqda İrandan çıxmaq istəyən ABŞ vətəndaşlarına Tehran beynəlxalq hava limanında aeroport və aviaşirkətlərin fəaliyyətini izləmək, uçuşların statusunu isə birbaşa aviaşirkətlərlə yoxlamaq tövsiyə edilib. Həmçinin İranın quru sərhədlərindən keçid qaydalarının və digər ölkələrin giriş tələblərinin qısa müddətdə dəyişə biləcəyi bildirilib. (Amerikanın Səsi)





















