image-1backend

“Bakıdan dünyaya hüquq mesajı” – Əli Musa

image-ads-728x90

İnsan hüquqlarının qorunması və təşviqi müasir dünyanın ən vacib prioritetlərindən biridir. Hüquq və azadlıqların təmin olunması yalnız ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin üzərinə düşən məsuliyyət hesab olunur.

Bu baxımdan, 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammiti xüsusi əhəmiyyət daşıyır. Sammit insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və qlobal çağırışlara qarşı birgə fəaliyyət mexanizmlərinin müəyyənləşdirilməsi baxımından mühüm platformaya çevrilib.

Azərbaycan son illər insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi islahatlar və beynəlxalq təşəbbüslərlə diqqət mərkəzindədir. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması, qanunun aliliyinin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və dövlət-vətəndaş münasibətlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Ombudsmanların Beynəlxalq Bakı Sammitinin məhz Azərbaycanda keçirilməsi də ölkəmizin bu sahədə qazandığı nüfuzun və beynəlxalq etimadın göstəricisidir.

Sammitdə müxtəlif ölkələrin ombudsmanları, insan hüquqları institutlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və hüquq müdafiəçiləri iştirak edərək aktual problemləri müzakirə ediblər. Tədbirdə insan hüquqlarının qorunmasında yeni texnologiyaların rolu, iqlim dəyişikliklərinin insan hüquqlarına təsiri, məcburi köçkünlərin hüquqlarının müdafiəsi, uşaqların, qadınların və həssas sosial qrupların hüquqlarının təmin olunması kimi mühüm məsələlər diqqət mərkəzində olub.

Müasir dövrdə insan hüquqları sahəsində yaranan yeni çağırışlar dövlətlər arasında daha sıx əməkdaşlığı zəruri edir. Müharibələr, terrorizm, miqrasiya problemləri, rəqəmsal təhlükələr və sosial bərabərsizliklər insan hüquqlarının müdafiəsi sahəsində yeni yanaşmalar tələb edir. Bakı Sammiti məhz bu baxımdan fərqli ölkələrin təcrübələrini bir araya gətirərək ortaq həll yollarının tapılmasına töhfə verir.

Azərbaycanın özünün də uzun illər işğaldan əziyyət çəkmiş ölkə kimi insan hüquqları sahəsində zəngin təcrübəsi mövcuddur. Bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq səviyyədə də maraqla qarşılanır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri insanların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin olunmasına xidmət edir ki, bu da insan hüquqlarının praktik təminatının mühüm nümunəsidir.

Ombudsmanların Beynəlxalq Bakı Sammiti yalnız fikir mübadiləsi platforması deyil, həm də gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edən mühüm beynəlxalq tədbirdir. Burada qəbul edilən qərarlar, irəli sürülən təşəbbüslər və aparılan müzakirələr insan hüquqlarının daha effektiv müdafiəsinə, milli insan hüquqları institutları arasında əlaqələrin genişlənməsinə və beynəlxalq həmrəyliyin güclənməsinə xidmət edir.

18 İyun – İnsan Hüquqları Günündə keçirilən bu mötəbər tədbir bir daha göstərdi ki, insan hüquqlarının müdafiəsi ümumbəşəri dəyərdir və bu sahədə əldə olunan uğurlar yalnız qarşılıqlı əməkdaşlıq və dialoq yolu ilə mümkün ola bilər.

Bakıdan dünyaya ünvanlanan hüquq, ədalət və humanizm mesajı beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan isə bu mühüm missiyanın fəal iştirakçısı kimi insan hüquqlarının qorunmasına və beynəlxalq əməkdaşlığın inkişafına bundan sonra da öz töhfəsini verməyə davam edəcək.

ƏLİ MUSA
Rezonans.az-ın rəhbəri



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki