İsrail parlamenti (Knesset) rəsmi Bakının ciddi diplomatik təzyiqlərindən sonra qondarma “erməni soyqırımı”nın tanınması barədə səsverməni təxirə salıb.
Korrekt.az xəbər verir ki, bu barədə məlumatı İsrailin “Haaretz” qəzeti yayıb. Nəşrin mənbələrinə görə, İsrail rəsmiləri Bakıya bu məsələnin parlamentin gündəliyindən tamamilə çıxarıldığına dair zəmanət veriblər.
Xatırladaq ki, iyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gidon Saar tərəfindən irəli sürülən qondarma “erməni soyqırımı”nın tanınması təklifini yekdilliklə bəyənmişdi. Prosedurun tamamlanması üçün sənəd Knessetdə səsverməyə çıxarılmalı idi, lakin parlamentin yay sessiyasının son iclaslarının gündəliyinə daxil edilmədi.
“Haaretz” yazır ki, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin İsrail Baş nazirinin ofisi ilə əlaqə saxlamasından sonra Benyamin Netanyahu səsverməni bloklayıb. Maraqlıdır ki, Netanyahunun özü hökumətin iclasında bu təşəbbüsün lehinə səs vermişdi. XİF rəhbəri Gidon Saar isə səsvermənin Netanyahunun müdaxiləsi ilə ləğv olunduğunu təkzib etsə də, məsələnin Knessetə niyə çıxarılmadığına dair başqa izah verməyib.
Azərbaycan tərəfi İsrail hökumətinin iyunun 28-də verdiyi qərara dərhal sərt reaksiya göstərmişdi. İyunun 29-da Azərbaycan XİN-i İsraili bu addımı yenidən nəzərdən keçirməyə çağırmış, 1915-ci il hadisələrinin siyasiləşdirilməsinin regionda sülhə və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə mane olduğunu bəyan etmişdi.

Eyni zamanda, Azərbaycandakı yəhudi icması da hərəkətə keçmişdi. Sefard yəhudiləri icmasının baş ravvini Zamir İsayev İsrailin dindar partiyaları olan ŞAS və “Yahidut ha-Tora” deputatlarına təcili məktublar ünvanlayaraq, Azərbaycanın İsrail üçün etibarlı dost olduğunu xatırlatmış və bu addımın ikitərəfli əlaqələrə vura biləcəyi zərbədən xəbərdar etmişdi. Sonradan ölkədəki bütün yəhudi icmalarının rəhbərləri Knessetə bənzər müraciətlər yollamışdılar.
Mənbələrin verdiyi məlumata görə, məhz bu müraciətlərdən sonra dindar partiyalar layihənin əleyhinə səs verəcəklərini bəyan ediblər. Netanyahunun “Likud” partiyası koalisiya tərəfdaşlarının müqaviməti fonunda layihənin iflasa uğrayacağını anlayaraq onu gündəlikdən çıxarmağa məcbur olub.
Analitiklər qeyd edirlər ki, İsrail hökumətinin bu təşəbbüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail hökumətinin regionda müharibələri alovlandıran fəaliyyətini və Qəzzada törətdiyi soyqırımı sərt tənqid etməsinə cavab olaraq bir təzyiq aləti kimi gündəmə gəlmişdi. Lakin layihə İsraili onun ən mühüm strateji tərəfdaşlarından biri və Türkiyənin yaxın müttəfiqi olan Azərbaycanla qarşı-qarşıya qoydu.
Qeyd edək ki, analoji cəhd ötən ilin yayında da baş vermiş, lakin Azərbaycan rəsmisinin Netanyahuya zəngindən sonra səsvermə təxirə salınmışdı.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə “tanınmasının” artıq Ermənistanın xarici siyasət prioriteti olmadığını bəyan edib.
O, İrəvanın məqsədinin keçmişin tanınması yox, müasir Ermənistanın təhlükəsizliyini təmin etmək olduğunu bildirərək, İsrailin addımını alqışlamaqdan imtina edib: “Biz bu məsələyə reaksiya verməyə ehtiyac görmürük, çünki bu mövzunun “silaha” çevrilməsinə imkan verməmək Ermənistanın maraqlarına uyğundur”.“AzPolitika.info”





















