Şəhər həyatı və çoxmənzilli binalarda rahat yaşayışın əsas şərtlərindən biri qarşılıqlı anlayış hesab olunur. Türkiyədə Ətraf Mühit və Mülkiyyət Qanununda yer alan səs-küy qaydaları bazar günləri və rəsmi tətillərdə məişət avadanlıqlarının istifadəsi ilə bağlı müəyyən prinsiplər müəyyən edir. Mütəxəssislər uzun illərdir qüvvədə olan, lakin çoxlarının unutduğu bu qaydaları yenidən xatırladıblar.
Korrekt.az xəbər verir ki, bir çox insan həftəiçi işdə olduğu üçün ev təmizliyini həftəsonuna, xüsusilə bazar gününə saxlayır. Lakin ortaq divarlarla yaşayan qonşular üçün istirahət saatları ilə ev işi saatları bəzən üst-üstə düşür. Bu səbəbdən qanunvericilikdə kollektiv yaşayışın rahatlığını qorumaq məqsədilə müəyyən çərçivələr nəzərdə tutulub.
Məlumata görə, tozsoran, paltaryuyan maşın və s. kimi yüksək səs yaradan cihazların istifadəsi üçün həftəiçi və şənbə günləri 09:00–19:00 saatları arası ümumi qəbul edilən zaman aralığı hesab olunur. Bazar günləri və rəsmi tətillər isə qanunvericilikdə “ümumi istirahət günü” kimi qiymətləndirilir. Buna görə də həmin günlərdə qonşuları narahat edəcək səviyyədə uzunmüddətli və yüksək mexaniki səs yaradan cihazların istifadəsinin məhdudlaşdırılması tövsiyə olunur.
Mütəxəssislər bildirirlər ki, Türkiyənin Mülkiyyəti Qanununun 18-ci maddəsi mənzil sahiblərinin və sakinlərinin bir-birini narahat etməmək öhdəliyini tənzimləyir. Davamlı və narahatedici səs-küylə bağlı şikayət olduğu halda inzibati prosedurlar və xəbərdarlıqlar tətbiq oluna bilər. Məqsəd cərimə yazmaq deyil, insanların istirahət hüququna hörmət edilməsini təmin etməkdir.
Ekspertlər həmçinin qeyd edirlər ki, hər yaşayış binasının öz idarəetmə planı mövcuddur. Bu sənəddə təmizlik saatları və bazar günü ilə bağlı əlavə qaydalar əvvəlcədən müəyyən edilmiş ola bilər.
Mütəxəssislər bazar günləri yüksək səsli ümumi təmizlik əvəzinə daha sakit üsullardan istifadə etməyi, böyük təmizlik işlərini isə şənbə günü qanunvericilikdə nəzərdə tutulan saatlarda həyata keçirməyi tövsiyə edirlər. Beləliklə həm ev işləri görülür, həm də qonşuluq münasibətləri zədələnmir.Musavat.com



















