“Azərbaycana qarşı hər zaman beynəlxalq media təxribatçı yazılar dərc edib. Biz 44 günlük Vətən müharibəsindən də bunu bir daha gördük. Bu kimlər tərəfindən idarə olunur? Elə bir neçə gün öncə daha bir xəbər kanalı təxribat dolu yazı dərc edib. “CNN World” beynəlxalq aləmdə nüfuzlu xəbər kanallarından biri hesab olunur. Məhz bu səbəbdən kanalın internet səhifəsində dərc olunan və Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, eləcə də İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi ilə bağlı iddiaları əks etdirən məqalə müəyyən auditoriya tərəfindən inandırıcı qəbul oluna bilər. Lakin həmin məlumat tamamilə əsassız və təxribat xarakterlidir”. – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların əsassız olduğu dəfələrlə rəsmi səviyyədə bəyan edilib.
Arzuman Muradlı qeyd edib ki, maraqlı məqamlardan biri də Azərbaycan Xarici İşlər Nazirliyinin CNN-in sorğusuna cavab olaraq bu məlumatın əsassız olduğunu redaksiyaya bildirməsinə baxmayaraq, kanalın “anonim mənbələrə” istinad edərək sözügedən informasiyanı yaymasıdır:
“Bu onu göstərir ki, anonim mənbə və ya mənbələr həmin dezinformasiyanın yayılmasında israrlı olublar və CNN də bu mövqeyə üstünlük verib. Sual yaranır: İsrailin guya Azərbaycan ərazisindən istifadə etməklə İrana qarşı əməliyyatlar həyata keçirməsi barədə dezinformasiyanın yayılmasında hansı mərkəzlər maraqlı ola bilər?ABŞ Prezidenti Donald Tramp CNN kanalını dəfələrlə dezinformasiya yaymaqda ittiham edib. Azərbaycana dair yayılan bu xəbər də həmin ittihamların növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Bununla belə, anonim mənbələrin ABŞ-ın müəyyən rəsmi strukturları ilə əlaqəli olması ehtimalını da diqqətdən kənarda saxlamaq olmaz. Belə dezinformasiyanın əsas məqsədi İran-Azərbaycan münasibətlərində gərginlik yaratmaqdır. İranın mühafizəkar dairələri və onlara bağlı media resursları CNN-in bu materialından əvvəl də İsrailin guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı müxtəlif iddialar irəli sürüblər. İndi isə həmin dairələr CNN-ə istinad edərək öz təbliğatlarını gücləndirməyə çalışacaq və ‘bunu artıq beynəlxalq media da təsdiqləyib’ kimi ittihamlar səsləndirəcəklər”. – deyə Arzuman Muradlı bildirib.
Politoloqun fikrincə, anonim mənbə və ya mənbələrin əsas məqsədi İranın mühafizəkar dairələrinin Azərbaycana qarşı apardığı dezinformasiya kampaniyasının davam etdirilməsinə şərait yaratmaqdır.
Arzuman Muradlı bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi CNN World-un anonim mənbəyə istinadən yaydığı məlumatı təkzib edən rəsmi bəyanat yayıb:
“XİN-in bəyanatı ‘CNN-dən əsassız iddiaların yer aldığı bu məqalənin təkzib edilməsini gözləyirik’ ifadəsi ilə yekunlaşıb. CNN-in məlumatında Azərbaycanla yanaşı İsrailin də adı çəkildiyindən, İsrail Xarici İşlər Nazirliyinin də bu xəbəri rəsmi şəkildə təkzib etməsi məqsədəuyğun olardı. Bu halda CNN-in yaydığı məlumatı geri götürmək və ya təkzib etməkdən başqa seçimi qalmayacaq. Əks halda, kanala istinad edənlərin sayı arta və dezinformasiyanın təsir dairəsi genişlənə bilər”.





















