Almaniyanın paytaxtında yerləşən Berlin Brandenburq Hava Limanı martın 18-də işçilərin tətili səbəbindən bütün uçuşları ləğv edəcək.
Korrekt.az xəbər verir ki, hava limanının yaydığı məlumata görə, sərnişinlərə uçuşlarını yenidən bron etmək və ya alternativ səyahət variantları üçün aviaşirkətlər və tur operatorları ilə əlaqə saxlamaq tövsiyə olunur.
Tətilə səbəb kimi əmək haqqı ilə bağlı narazılıqlar göstərilir. Verdi həmkarlar ittifaqı daha əvvəl hava limanı əməkdaşlarını xəbərdarlıq tətilinə çağırıb. İttifaqın açıqlamasına görə, işəgötürənlərin 2026–2028-ci illər üçün əmək haqlarının orta hesabla 1–1,5 faiz artırılması təklifi inflyasiya səviyyəsinə uyğun deyil.
Verdi nümayəndəsi Holger Rössler bildirib ki, bu təklif qəbuledilməzdir və işçilərin əməyinə lazımi qiymət verilmir.
Həmkarlar ittifaqı üzvləri həmçinin qeyd edirlər ki, işəgötürənlər əlavə güzəştlərlə bağlı öhdəlikləri yerinə yetirmir və təlim müqavilələrinin yenilənməsindən imtina edirlər.
Qeyd olunub ki, tərəflər arasında danışıqların növbəti mərhələsi martın 25-nə planlaşdırılıb. Verdi bu tarixədək daha yaxşı təklif təqdim olunacağını gözlədiyini bildirib.





















