Sərsəng Su Anbarının yenidən qurulmasına bu il başlanılacaq.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin sədr müavini İlham Quliyev Xankəndidə jurnalistlər üçün təşkil olunmuş mediatur zamanı deyib.
İ.Quliyev bildirib ki, Sərsəng təkcə su anbarından ibarət deyil, iri hidrotexniki kompleksdir: “Anbarın ümumi həcmi 560 milyon kubmetr, faydalı həcmi isə 500 milyon kubmetrdir. Kompleksə 50 MVt gücündə su elektrik stansiyası, Suqovuşan Su Anbarı və hidroqovşağı, həmçinin Suqovuşan və Tərtərçay magistral kanalları daxildir”.
O qeyd edib ki, 2022-2023-cü illərdə Suqovuşan hidroqovşağında, eləcə də Tərtərçay magistral kanalının və sol sahil kanalının əsaslı təmiri həyata keçirilib: “Sağ sahil kanalının minalardan tam təmizlənməsindən sonra onun da əsaslı təmiri aparılacaq”.
İlham Quliyev əlavə edib ki, Sərsəng Su Anbarında ehtiyatın həcmi 320 milyon kubmetrə çatıb.
Onun sözlərinə görə, su anbarının bəndinin hündürlüyü 125 metr, suyun maksimal dərinliyi isə 103 metrdir.





















