Macarıstanda hakim Tisza Partiyasının parlament fraksiyası dünya şöhrətli şahmatçı Yudit Polqarın prezidentliyə namizədliyini yekdilliklə dəstəkləyib.
Korrekt.az xəbər verir ki, Fraksiya rəhbəri Andrea Buydoşonun açıqlamasına görə, partiya üzvləri uzun müzakirələrdən sonra 49 yaşlı Polqarın ölkəyə rəhbərlik etmək üçün uyğun namizəd olduğu qənaətinə gəliblər.
Baş nazir Peter Macar daha əvvəl bildirmişdi ki, Yudit Polqarın namizədliyini yeni konstitusiya qəbul edilənədək dövlət başçısı vəzifəsini icra etməsi üçün parlamentə təqdim edəcək.
Bu qərar prezident Tamaş Şuyokun Tisza Partiyasının təşəbbüsü ilə qəbul edilən və onun səlahiyyətlərinə xitam verən konstitusiya dəyişikliyini imzalamasından sonra gündəmə gəlib.
Hakimiyyət nümayəndələrinin sözlərinə görə, yeni prezidentin seçilməsi və yeni konstitusiyanın hazırlanması hökumətin həyata keçirdiyi genişmiqyaslı islahatların əsas istiqamətlərindən biridir. Baş nazir Peter Macar bildirib ki, seçicilər bu dəyişikliklərin həyata keçirilməsi üçün hökumətə aydın mandat veriblər.
Parlamentdə üçdə iki səs çoxluğuna malik olan Tisza Partiyası yeni prezidenti seçəcək. Prezident ya yeni konstitusiya qüvvəyə minənədək, ya da maksimum beş il müddətində vəzifəsini icra edəcək.
Andrea Buydoşo parlamentdə çıxışı zamanı Yudit Polqarı “vətənpərvər, dürüst, cəsarətli, fədakar və millətin birliyini təmsil etməyə qadir şəxsiyyət” kimi xarakterizə edib.
Qeyd edək ki, Yudit Polqar şahmat tarixinin ən güclü qadın oyunçusu hesab olunur. O, kişilər arasında dünya reytinqində ilk onluğa yüksələn yeganə qadın şahmatçı olmaqla yanaşı, 2700 Elo reytinq həddini keçən ilk və indiyədək yeganə qadın qrossmeysterdir. Bu il onun həyat və karyerasından bəhs edən “Şahmat Kraliçası” adlı sənədli film də nümayiş olunub.





















