Nikaraqua prezidenti Daniel Orteqa ölkədə bundan sonra seçkilərin keçirilməyəcəyini bəyan edib.
Korrekt.az Reuters agentliyinə istinadən xəbər verir ki, Orteqanın bu açıqlaması onun hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra növbəti prezident seçkilərinin keçirilməyəcəyini göstərir və onun həyat yoldaşı, vitse-prezident Rosario Murillo ilə birlikdə qurduğu hakimiyyət sistemini daha da möhkəmləndirir.
Prezident çıxışında bildirib ki, “ABŞ və Somoza ailəsinin dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün Nikaraquada artıq seçkilər keçirilməyəcək”.
Qeyd edək ki, Nikaraquada son prezident seçkiləri 2021-ci ildə keçirilib. Həmin seçkilər ərəfəsində Orteqa administrasiyası bir sıra müxalifət liderlərini, prezidentliyə potensial namizədləri və iş adamlarını həbs etmiş, müxalif fəaliyyətə qarşı sərt tədbirlər görmüşdü. Bu addımlar beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqid olunmuşdu.
Ötən il isə Orteqa konstitusiyaya edilən dəyişikliklərlə səlahiyyətlərini daha da genişləndirib. İslahatlar nəticəsində prezidentlik müddəti altı ilə uzadılıb, prezident və vitse-prezidentin dövlət idarəçiliyi, o cümlədən ordu və məhkəmə sistemi üzərində nəzarəti daha da gücləndirilib.





















