İspaniya hökuməti ölkədə siqaret əleyhinə tədbirləri daha da sərtləşdirməyə hazırlaşır.
Korrekt.az xəbər verir ki, Səhiyyə naziri Monika Qarsiyanın açıqlamasına görə, yeni qanun layihəsi qəbul edilərsə, bar və restoranların açıq terraslarında siqaret çəkmək qadağan olunacaq. Bundan əlavə, elektron siqaretlər və veyplər də ənənəvi tütün məhsulları ilə eyni hüquqi tənzimləməyə tabe olacaq.
Nazirin sözlərinə görə, yeni təşəbbüs tüstüsüz ictimai məkanların əhatəsini genişləndirməyi və əhalinin sağlamlığını qorumağı hədəfləyir. O bildirib ki, son illərdə ortaya çıxan yeni tütün məhsulları əlavə sağlamlıq riskləri yaradıb və buna uyğun olaraq qanunvericiliyin yenilənməsi zəruridir.
Qanun layihəsinin qüvvəyə minməsi üçün İspaniya parlamentinin təsdiqi tələb olunur.
Müxalifətdə olan Xalq Partiyası isə dəstəyini restoran və otel sektorunun maraqlarının qorunması, eləcə də siqaret çəkənlər üçün xüsusi ayrılmış məkanların yaradılması şərti ilə verə biləcəyini açıqlayıb.
Monika Qarsiya vurğulayıb ki, İspaniya yenidən Avropada siqaretlə mübarizənin öncül ölkələrindən birinə çevrilməyi qarşısına məqsəd qoyub. Xatırladaq ki, ölkədə 2005-ci ildə qapalı iş yerlərində, 2010-cu ildə isə bar və restoranların qapalı hissələrində siqaret çəkmək qadağan edilmişdi.
Nazirin təqdim etdiyi statistikaya əsasən, İspaniyada hər gün təxminən 140 nəfər, ildə isə 50 minə yaxın insan siqaretlə əlaqəli xəstəliklər səbəbindən həyatını itirir. Bundan başqa, ölkədə qeydə alınan xərçəng xəstəliklərinin təxminən 30 faizi birbaşa tütün istifadəsi ilə əlaqələndirilir.
Qeyd edək ki, son dövrlərdə Böyük Britaniya, Fransa və digər Avropa ölkələri də tütün və elektron siqaret məhsullarına dair qaydaları sərtləşdirərək ictimai sağlamlığın qorunmasına yönəlmiş yeni məhdudiyyətlər tətbiq edirlər.





















