Hələ rəsmi təqdimatı keçirilməyən Nokia 300 4G Power Bank modelinin texniki xüsusiyyətləri internetə sızıb.
Korrekt.az xəbər verir ki, yeni model klassik düyməli telefon funksiyalarını portativ enerji bankı (powerbank) imkanları ilə birləşdirəcək.
Bildirilir ki, cihaz 2,4 düymlük QVGA ekran, 0,3 meqapiksellik kamera və 3700 mAh tutumlu batareya ilə təchiz olunacaq. İstehsalçı telefonun bir dəfə şarjla 44 günədək gözləmə rejimində işləyə biləcəyini iddia edir.
Telefon həmçinin digər cihazları 5 Vt güclə enerji ilə təmin edə bilən powerbank funksiyasına malik olacaq. Öz batareyası isə USB-C portu vasitəsilə 18 Vt sürətli enerji yığmanı dəstəkləyəcək.
Yeni modelin IP65 standartına uyğun toz və suya davamlı korpusa, 4G şəbəkə dəstəyinə, 32 GB-a qədər microSD yaddaş kartı dəstəyinə, Bluetooth, 3,5 mm qulaqlıq girişi, FM radio və daxili media pleyerə sahib olacağı bildirilir.
Cihazın diqqətçəkən xüsusiyyətlərindən biri də güclü LED fənər olacaq. Məlumata görə, bu fənər yürüşlər, düşərgə şəraiti və digər açıq hava fəaliyyətləri üçün nəzərdə tutulub və parlaqlığı baxımından iPhone 16 Pro modelindəki fənərdən təxminən iki dəfə güclüdür.





















