Türkiyənin Baykar şirkəti yeni nəsil uzaqmənzilli K2 zərbə pilotsuz uçuş aparatlarının (PUA) “sürü” şəklində birgə uçuşunu əks etdirən görüntüləri yayımlayıb.
Korrekt.az Defense Express nəşrinə istinadən xəbər verir ki, videoda 10 ədəd K2 pilotsuz aparatının ardıcıl havaya qalxması və tam avtonom rejimdə koordinasiyalı uçuş həyata keçirməsi əks olunub.
Analitiklər hesab edirlər ki, sınağın əsas məqsədi dronların “sürü” imkanlarını nümayiş etdirmək olub və bu səbəbdən şərti hədəflərə zərbə endirilməsi həyata keçirilməyib.
Kadrlarda pilotsuz aparatlarından birinin sınaq uçuşunu başa vuraraq uçuş-eniş zolağına geri qayıtdığı da görünür.
K2 pilotsuz zərbə aparatı ilk dəfə bu ilin mart ayında ictimaiyyətə təqdim edilib. Texniki xüsusiyyətlərinə görə, təxminən 800 kiloqram kütləyə malik olan aparat 200 kiloqramlıq döyüş başlığını 2 000 kilometrdən çox məsafəyə çatdırmaq imkanına malikdir.
Məlumata əsasən, K2 düşmənin radioelektron mübarizə (REM) sistemlərinin təsiri altında fəaliyyət göstərə bilir. Bundan əlavə, dronun ərazinin relyefini müqayisə etməklə naviqasiya imkanına sahib olduğu bildirilir.
Qeyd edək ki, Baykar son aylarda yeni pilotsuz sistemlərinin sınaqlarını intensiv şəkildə davam etdirir. Şirkət bundan əvvəl Ukrayna istehsalı mühərriklərlə təchiz olunan Bayraktar Kızılelma pilotsuz döyüş təyyarəsinin də yeni sınaq görüntülərini yayımlamışdı.





















