image-1backend

“ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ… – Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır

image-ads-728x90

Rusiyanın sabiq baş naziri Viktor Çernomırdinin məşhur ifadəsi var: “Bu, əvvəllər heç vaxt olmamışdı və budur, yenə oldu”.

Bu ironiyalı ifadə paytaxt Bakının içməli su təchizatına da aiddir. Hər il yay aylarında şəhərdə su qıtlığı yaranır, hər il təmir, infrastrukturun yaxşılaşdırılması, texniki xidmət adları altında işlər aparıldığı deyilir və növbəti ilə vəziyyətin düzələcəyi vəd edilir. Növbəti il gəlir – yenə eyni mənzərə, eyni problem, eyni qıtlıq…

Bəli, Azərbaycanın su ehtiyatları və olan suyun da itkisiz istifadəsi arzuolunan səviyyədə deyil. Amma paytaxtdakı bugünkü problem su ehtiyatlarının azlığı yox, məhz texniki məsələlərlə bağlıdır. Bunu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də rəsmən etiraf edir.

Qurum rəsmi açıqlamasında bəyan edir ki, “su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər davam etdirilir. Bu istiqamətdə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb”.

Ardınca bildirilib ki, nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur və su qrafiklə verilir: “Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir. Mütəxəssislərin iştirakı ilə 2 gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq”.

Birincisi, “azalmalar” 2-3 saatlıq deyil. Elə ərazilər var ki, artıq bir həftədir bir damcı da su almır. Buna xüsusilə Yeni Günəşli və Qaraçuxur qəsəbələrinin müəyyən ərazilərini və şəhərin digər çoxsaylı hissələrini aid etmək olar. Bu ərazilərdə suyun olmaması təzyiqin aşağı olması ilə əlaqələndirilir. Təzyiqin aşağı olması isə müvafiq qurumun da etiraf etdiyi kimi, anbarlarda suyun olmaması ilə deyil, texniki məsələlərlə bağlıdır.

İkincisi, açıqlamada deyilir ki, problem müvəqqətidir və 2 günə “su tədarükünü stabilləşdirmək” mümkün olacaq. Ötən illərin təcrübəsi göstərir ki, bəzi rəsmi qurumlar yumşaq desək, vədlərinə sadiq deyillər. Bu halda da “2 gün” deyilirsə, bu rəqəmi azı 2-yə, yaxud 3-ə vurmaq lazımdır. “Müvəqqəti” sözü isə adətən bütün yaya aid edilir. Yəni ən azı yaxın bir həftə ərzində su təchizatının lazımi səviyyəyə çatdırılacağı inandırıcı deyil. Üstəlik, qurumun “su tədarükünü stabilləşdirmək” deyərkən, nəyi nəzərdə tutduğu da şərti məna daşıyır. Yəni “2 günə” hamı suyla normal qaydada, normal təzyiqlə təmin olunacaq, yoxsa şəhərin nisbətən hündür əraziləri yenə sudan əziyyət çəkməkdə davam edəcək? Bunu heç kim bilmir…

Nəhayət, yuxarıda qeyd etdiyimiz kimi, bu problem hər il yay gələr-gəlməz baş qaldırır. Olmazmı ki, müvafiq qurum həmin bu “su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər”i vaxtında, yay mövsümü öncəsi həyata keçirsin, yayın “cır-ha-cırında” yox?

Bir sözlə, illər dəyişir, su təsərrüfatının adı və ona rəhbərlik edənlər dəyişir, amma Bakının su problemi olduğu kimi qalır. Bunu bilən vətəndaşlar da hər yay olduğu kimi, su çənlərinin və su maşınlarının ümidinə qalırlar. Paytaxt sakinləri susuzluqdan qurtuluşun yollarını axtarırlar. Çəni olanlar vaxtında onları doldurmağa, olmayanlar isə çən almağa tələsirlər.

Yeri gəlmişkən, ötən illərdə bəzi paytaxt rayonlarında yaşayış binalarının damındakı çənlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən yığışdırıldı. Lakin zaman və şərtlər həmin çənlərin yenidən bərpasını tələb edir. Yəni bir növ “çən dövrü”nə qayıdış baş verir. Əlbəttə ki, bu çənləri də doldurmağa su tapılsa…“AzPolitika.info”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki