“Rusiya bazarında Ermənistan məhsullarına tətbiq olunan məhdudiyyətlər fonunda Azərbaycan istehsalçıları üçün müəyyən əlavə ixrac imkanları yarana bilər. Xüsusilə kənd təsərrüfatı sektorunda ixrac imkanları daha genişdir”.
Bu sözləri “Yeni Sabah”a Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin üzvü Aslan Əzimzadə deyib.
Onun sözlərinə görə, Rusiya bazarında yaranmış əlavə tələbatın müəyyən hissəsinin yerli istehsal hesabına qarşılanması mümkündür: pizza hut
“Meyvə və tərəvəz sektorunda ölkəmizin mövcud istehsal potensialı və Rusiyaya formalaşmış ixrac kanalları bu baxımdan mühüm üstünlüklər yaradır. Azərbaycan artıq uzun illərdir ki, Rusiya bazarına bir sıra kənd təsərrüfatı məhsulları ixrac edir. Buna görə də Rusiya bazarında yaranmış əlavə tələbatın müəyyən hissəsinin yerli istehsal hesabına qarşılanması mümkündür. Lakin burada əsas məsələ yalnız istehsal imkanları deyil, həm də məhsulların mövsümiliyi, logistika imkanları və bazarın tələb etdiyi həcmlərin təmin olunmasıdır”.
İqtisadçı əlavə edib ki, Azərbaycanın mineral su brendlərinin Rusiya bazarında öz paylarını artırmaq fürsəti yaranıb:
“Mineral su bazarına gəldikdə isə Azərbaycanın “İstisu” kimi tanınmış brendləri mövcuddur. Bu məhsullar keyfiyyət xüsusiyyətləri baxımından rəqabət qabiliyyətinə malikdir. Bununla belə, hər bir brendin özünün bazarda öz istehlakçı auditoriyası və formalaşmış mövqeyi olduğundan, bir məhsulun digərini tam şəkildə əvəz etməsindən daha çox yaranan bazar imkanlarından istifadə edərək, öz payını artırmasını qeyd etmək olar”.
Aslan Əzimzadə qeyd edib ki, Moskva və İrəvan arasında yaşanan siyasi-iqtisadi gərginlik ölkəmiz üçün yeni imkanlar formalaşdırır:
“Ümumilikdə yaranmış vəziyyət Azərbaycan üçün yeni ixrac imkanları formalaşdıra bilər. Əsas məsələ bu imkanlardan səmərəli istifadə etmək, istehsal və logistika imkanlarını bazarın tələblərinə uyğunlaşdırmaq, həm də məhsulların rəqabət qabiliyyətini daha da artırmaqdır”.
Qeyd edək ki, Rusiya iyunun 3-dən Ermənistandan kartof, badımcan, quru və tumlu meyvələrin idxalını məhdudlaşdırır. Bu barədə “Rosselxoznadzor” məlumat yayıb. Bu məhsulların digər Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranziti də qadağan olunub. Bundan öncə Rusiya Ermənistandan pomidor, bibər, çiyələk, gül, bir neçə adda konyak, şərab, həmçinin “Cermuk” mineral suyu və balıq idxalını və satışını qadağan edib.
Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Boris Titov bildirib ki, ölkəsi Ermənistan məhsullarını Azərbaycandan gələn tədarüklərlə əvəz edəcək. Titov qeyd edib ki, kənd təsərrüfatı sektorunda Azərbaycan Rusiyaya Ermənistandan xeyli çox məhsul tədarük etmək iqtidarındadır.





















