image-1backend

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

image-ads-728x90

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 6-da Ukraynaya rəsmi səfərə gedib. Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir Kiyev Mərkəzi Dəmiryol Vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən qarşılanıb.

Səfər çərçivəsində Ceyhun Bayramov və Andrey Sibiqa əvvəlcə Ukraynanın azadlığı uğrunda həlak olmuş müdafiəçilərin Xatirə Memorialını ziyarət edərək abidə önünə gül dəstəsi qoyublar. Xatirə şəkli çəkdirildikdən sonra nazirlər arasında təkbətək görüş keçirilib.

Daha sonra Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş baş tutub. Tərəflər Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı vəziyyətini, əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Görüş zamanı iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin ali və yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib.

Rəsmi qarşılanma mərasimindən sonra xarici işlər nazirləri Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə də tanış olublar.

Səfər proqramına əsasən, Ceyhun Bayramovun Ukraynanın digər rəsmi şəxsləri ilə də görüşləri nəzərdə tutulur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki