Türkiyənin Ankara şəhərində Etimesqut Bələdiyyəsinə qarşı başladılan korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu da daxil olmaqla 40 nəfər həbs edilib.
Korrekt.az xəbər verir ki, Ankara Qərb Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində ümumilikdə 55 şübhəli saxlanılıb. Onlar “cinayət törətmək məqsədilə təşkilat yaratmaq və idarə etmək”, “cinayətkar təşkilata üzv olmaq”, “tenderləri saxtalaşdırmaq”, “mənimsəmə”, “rüşvət alma və vermə”, “hədə-qorxu ilə pul tələb etmə” və “öhdəliklərin icrasında dələduzluq” maddələri üzrə ittiham olunurlar.
Məhkəməyə çıxarılan 44 şübhəlidən 40-ı barəsində həbs qətimkan tədbiri seçilib. Digər 4 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
İstintaq materiallarına əsasən, həbs edilənlər arasında Etimesqut Bələdiyyəsinin sədri Erdal Beşikçioğlu da var.
İstintaqın bəzi bələdiyyə tenderlərində yol verilən qanun pozuntuları, sənədlərin saxtalaşdırılması, tikinti layihələri, dayanacaq icarəsi, rayonlaşdırma və icazə prosedurlarında şəxsi mənfəət əldə edilməsi ilə bağlı iddialar əsasında başladıldığı bildirilir.
Prokurorluğun məlumatına görə, araşdırma audit hesabatları, “effektiv peşmanlıq” ifadələri, şikayətçi izahatları, CİMER müraciətləri, audio və video materiallar, eləcə də MASAK və HTS təhlilləri əsasında aparılıb.
Qeyd olunub ki, saxlanılan 55 şübhəlidən 42-si bələdiyyə əməkdaşı, 13-ü isə müxtəlif şirkətlərin nümayəndələridir.
Məhkəməyə göndərilən şübhəlilərdən 10 nəfər məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Saxlanılan şəxslərdən birinin isə hazırda xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.





















