image-img_20260428_133436backend

“Danışır Bakı!”: 100 illik tarixin sirləri….

image-ads-728x90

Şərqdə ilk radio olan Azərbaycan radiosu 6 noyabr 1926-cı il yayıma başladı. “Danışır Bakı!” sözləri 100 illik tarixinin əsasını qoydu. Kiçik bir məkanda könülləri fəth etdi, böyük uğurlara imza atdı. İlk dövrdə radio Bakı studiyasında – indiki İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş İsmailiyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi.
İlk gündən xalqın sevgisini qazanan Radio bu etimadı doğrultdu və xalqın Radiosu adını qazandı. Keçmişlə bugün arasında qırılmaz bir bağ oldu. Ötən illərin silinməz mənəvi dəyərlərini, tarixini, mədəniyyətini, incəsənətini, musiqisini, ədəbi-bədii fikirlərini günümüzə gətirdi, gələcək nəsillər üçün bir örnək oldu. Bugün uşaqlığımızın ən şirin xatirələri, laylaları, qəlbimizin ən ülvi arzuları ilə bağlı olan musiqi sədaları Azərbaycan radiosu ilə bağlıdır.
Başlanğıcda Azərbaycan radiosu ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan yayımlanırdı. Geniş təsir imkanlarına malik təbliğat vasitəsi idi. Ona istənilən məkanda qulaq asmaq olardı. Zaman-zaman ən ucqar kəndlərdə belə hər evə, idarə, müəssisə və təşkilatlara radio xətti çəkildi, kiçik qəbuledicilər qoyuldu. Beləcə radio insanlar üçün ən populyar informasiya mənbəyi oldu. Hazhazırda Azərbaycanda ümumrespublika, regional, kabel, internet və peyk televiziyası, habelə ümumrespublika və regional radio fəaliyyət göstərir. 2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib.
İlk günlərdə Bakı studiyasında hazırlanan verilişlər bir saat ərzində yayımlansa da, artıq bir aydan sonra bu verilişlərin həcmi 3 saata çatdı. Bu illərdə efirdə əsasən partiya qəzetlərinin baş məqalələri oxunur, partiya konfransları, qurultaylar yayımlanır, konsert proqramları, xanəndələrin çıxışları, elanlar səslənir, ədəbiyyatımızda, incəsənətimizdə baş verən mühüm hadisələr haqqında informasiyalara yer verilirdi. Radio o zaman da yaratdığı publisistik və ədəbi dram verilişlərində bugün olduğu kimi Azərbaycan dilinin qorunmasında, onun inkişaf etdirilməsində böyük rol oynayırdı. Efirdə “Satira atəşiylə”, “Ədəbiyyatın vəzifələri”, “Yeni həyat uğrunda”, “Radio saatı” kimi verilişlər səsləndirilirdi. Hər dövrün tələbi ilə ayaqlaşmaqla bərabər, radio özünün proqram tərtibatında, verlişlərinin məzmununda ana xətt olaraq dövlətin və cəmiyyətin mənafeyini qorumaq, maarifləndirmək, azərbaycan ədəbi dil normalarına riayət etmək kimi funksiyaları hər zaman öndə tutub.
Ötən əsri 70-ci illəri Azərbaycan radiosunda yayımlanan “Sabahınız xeyir”, “Axşam görüşləri”, “Bulaq”, “Natəvan” qızlar klubu, “Lirika dəftərindən”, “Muğam saatı”, “Arzu” musiqi poçtu, “Yazıçı və zaman”, “Mahnı şəhəri gəzir”, “Teatr mikrofon qarşısında” kimi verilişlər radionun nufuzunu daha da yüksəltdi. Bu verilişlərdə xalqın ruhu, onun folklor irsi, tarixi? mədəniyyəti kimi dəyərlər öz əksini tapır. Bu gün də radionun atribituna çevrilən “Bulaq” verilişi xalq artisti Səidə Quliyeva və aktyor Səməd Hətəmovun (Səməd Yusifcanlı) aparıcılığ ilə efirə gedir.
1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsi ilə radionun cəmiyyətlə ünsiyyəti daha da gücləndi və sıxlaşdı. Dinləyicilərdə vətənpərvər hissləri gücləndirən “Açıq–aşkar”, “Xudafərin”, “Sözün düzü”, “Baxış bucağı”, “Dünya”, “Pillə”, “Çevrə”, “Radio-atmaca”, “Molla Nəsrəddin”, “Yol”, “Yuva”, “Vaxt”, “Dan yeri” kimi verilişlər hazırlanır, hərbi marşlar səsləndirilirdi.
Uzun illər radionun “Səhər “redaksiyasının baş redaktoru vəzifəsini icra etmiş Bəxtiyar Bəxtiyarov o illər haqqında yazır: “ Azərbaycan Radiosunda da ən böyük redaksiyalardan biri, bəlkə də birincisi “Təbliğat” redaksiyası idi. Mühüm dövlət qərarlarının, hadisələrin şərh edilməsi, adamların maarifləndirilməsi, səfərbər edilməsi bu redaksiyanın fəaliyyətinin əsas istiqaməti sayılırdı. Eyni zamanda burada “Sağlamlıq”, “İnsan və qanun”, “Xalq nəzarəti”, “İqtisadiyyat və həyat” və digər bu kimi dövrlə səsləşən verilişlər də hazırlanırdı. Redaksiyanın “Elm” şöbəsi vardı və Respublika Milli Elmlər Akademiyasının sahə institutları, elmi-tədqiqat laboratoriyaları, konstruktor büroları ilə sıx yaradıcılıq əlaqəsi saxlayırdı. XX əsrin 80-ci illərində “Təbliğat” redaksiyasına fəlsəfə üzrə fəlsəfə doktoru, yazıçı-publisist Ənvər Hacıyev rəhbərlik edirdi. Kollektivdə həmçinin dövrün tanınmış jurnalistləri olan Sabir Rüstəmov, Rəhilə Şirinova, Əhməd Xaspoladov, Qənbər Ağayev (O, sonralar baş redaktor da işlədi), Azərbaycanın ilk qadın radio jurnalisti Məryəm Zöhrabova, əməkdaşlardan Almaz Cəfərova, Əli Məmmədov, Sədaqət Turabova və başqaları çalışırdılar. Sonradan Əyyar Cəfərli, Bəxtiyar Bəxtiyarov və Fərman Babayev də kollektivə qoşuldular. Bölgə mətbuatında çalışmış təcrübəli jurnalist Habil Ələkbərli və istedadlı gənclər Kəmalə Abdinova ilə Gülnar Rəsulova işə götürüldülər. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları qaldırması, Qarabağda fitnəkarlıqlar törətməsi, onlar tərəfindən Qərbi Azərbaycandan soydaşlarımızın vəhşicəsinə qovulması, qırğınların törədilməsi respublikamızda ictimai-siyasi vəziyyəti kəskin surətdə dəyişdi. Ermənistanla bir dövlətin – SSRİ-nin daxilində birləşməyimizə baxmayaraq həmin dövlətin erməni təxribatlarına göz yumması, bununla onun fitnəkarlıq əməllərinin genişlənməsinə rəvac verməsi, əslində bu planların təşkilatçısı olması Azərbaycan əhalisi arasında kəskin hiddətə, etiraz dalğasına səbəb oldu. Xalq mətbuatdan bütün bunlara real qiymət verilməsini gözləyir və tələb eləyirdi. Halbuki SSRİ adlı dövlət yaşayırdı və onun mətbuat üzərində ciddi senzura nəzarəti vardı. “Təbliğat” redaksiyası o zaman tələb elədiyini xalqa verə bildi. Burada əməkdaşların vətənpərvərliyi və fədakarlığı mühüm rol oynadı. Onlar tanınmış, nüfuzlu ağsaqqalları, yazıçı və şairləri, əmək qəhrəmanlarını verilişlərə çıxarır, həqiqətləri xalqa bu simaların dili ilə çatdırırdılar. Azərbaycanın müstəqillik illərinin əvvəllərində “Təbliğat” “İctimai-siyasi proqramlar” redaksiyasına çevrildi. Yazıçı Saday Budaqlı bura baş redaktor təyin edildi. Yenilənən təkcə ad olmadı, verilişlərin mövzu dairəsi, məzmun keyfiyyəti də xeyli dəyişdi. Əvvəl 30 dəqiqə, sonra isə bir saat həcmində efirə gedən “Respublika” verilişi açıldı. Burada respublikanın ictimai-siyasi həyatının o dövr üçün ən ağrılı, ən aktual məsələləri öz əksini tapırdı. Elə ilk dəfə də məhz bu proqramın canlı – yayımlanmasına başlandı.

Redaksiyanın parlament müxbiri təyin olundu və sistemli qaydada “Parlament saatı” verilişində ali qanunvericilik orqanının fəaliyyəti ilə bağlı dinləyiciləri məlumatlandırırdı. O zaman “İctimai-siyasi proqramlar” redaksiyasının iki yeni verilişi efirə vəsiqə aldı; “Qürbətdə qalan Vətən” və Yurdlar bizi çağırır”. Bu proqramlarda Radio və eləcə də Azərbaycan mətbuatı tarixində ilk dəfə sistemli şəkildə Ermənistan adlanan ərazinin faktiki tarixi türk torpaqları olması, ermənilərin həmin torpaqlara hansı yolla hakim olmaları, soydaşlarımıza qarşı törətdikləri soyqırımı aktları, deportasiya siyasəti barədə tutarlı, təkzibedilməz faktlarla geniş müzakirələrə başlandı. Bu verilişlər illərlə yayımlandı və başımıza gətirilən müsibətlərin arxasında hansı çirkin niyyətlərin, mənfur ideologiyaların, qərəzli siyasi oyunların dayandığını geniş auditoriyaya çatdırdı. Adamların düşmənə qarşı səfərbər edilməsində, mübarizlik ruhunun gücləndirilməsində əhəmiyyətli rol oynadı.”

Günümüzdə radionun “Xüsusi layihələr departamentində” və “ Səhər “ redaksiyasında informativ, maarifləndirici və əyləncəli proqramlar hazırlanır. “Xüsusi layihələrə departamenti”nin baş redaktoru Dilşad Mirzəyeva (Dilşad Tahirqızı) və “Səhər” redaksiyasının baş redaktoru Sitarə Həmidova ( Sitarə İsmayıl) bu gün radionun ruhuna , zamanın tələbinə uyğun, bol informasiyalı, xoş ovqat yaradan , əyləndirən , maarifləndirən verilişlərin, roliklərin hazırlanaraq dinləyicilərə təqdim edilməsinə rəhbərlik edirlər. Bugün “Xüsusi layihələr departamentində” hazırlanan “Abidələrimiz”, “Bir türkü söylə” ,“Biz də varıq” , “Dastanlarımız” , “Dünyanın möhtəşəm opera teatrları” ,“Əkinçi qəzeti” , “Hikmət dünyası”, “Karvan” , “Radio google”, “Rəqslərimiz” , “Sarıtel” ,“Toy Adətlərimiz” , “Unudulmayanlar” , “Antonimlər” , “Sinonimlər” adlı çarxlar efir məkanında yer alır.

“Xəbərlər” redaksiyasının baş redaktoru Zaur Rzayev hər saatın sonunda ölkədə və dünyada baş verən mühüm xəbərləri dəqiqliklə Azərbaycan radiosunun dinləyicilərinə çatdırılmasını nəzarət edir.
“Səhər” redaksiyası yarandığı gün heyətə baş redaktor təyin edilən Bəxtiyar Bəxtiyar radaksiya ilə bağlı bunları yazır: “ “Səhər” redaksiyası 2010-cu ildə yaradıldı. Aprel ayının 13-də redaksiya “Gəl səhərim” adlı musiqili, əyləncəli, publisistik verilişi ilə ilk efirinə çıxdı. Verilişin həcmi 90 dəqiqə idi və təcrübə qazanmaq, relsə düşmək üçün ilk vaxtlar bir neçə veriliş lentə alınmaqla efirə verilirdi. Az vaxtdan sonra efir vaxtı 2 saat müəyyən edildi və veriliş həftənin 6 günü səhər 8.10-da canlı yayımlanmağa başladı. Radionun daha hazırlıqlı, bacarıqlı kadrları “Gəl səhərimə” cəlb olundular. Ilk vaxtların əsas ağırlığı aparıcı qismində “Musiqi” redaksiyasından Dilşad Mirzəyeva, “Xəbərlərdən” Rövşən Ramazanlı kimi sayılan, seçilən radio jurnalistlərinin üzərinə qoyuldu. Onlara həftədə 2, bəzən 3 veriliş həvalə edilirdi. Bir qayda olaraq xüsusi əlamətdar günlərin məsuliyyətli verilişləri də bu cütlüyə tapşırılırdı. Respublikanın tanınmış insanları – alimlər, ziyalılar, mədəniyyət-incəsənət xadimləri ilə “Gəl, səhərim” arasında sıx bağlılıq yarandı. Onlar studiyaya dəvət olunur, canlı telefon bağlantısına qoşulurdular. Şənbə gününün aparıcılarından biri xalq artisti Ramiz Əzizbəyli idi. “Gəl səhərim”in çox rəngarəng rubrikaları vardı və bunlardan birini nüfuzlu filoloq-türkoloq alim, professor Minaxanım Təkləli aparırdı. Verilişin populyarlığı getdikcə artırdı və bu işdə aparıcılar, ssenari müəllifləri Sitarə Həmidova, Zərifə Əliyeva, İlkin Babayev, Nigar Mirzəyeva, Günay Vəliyeva, Əfsanə Nəcəfova, Mehman Piriyev, Sədaqət Cəfərova, Ramiz Hüseynov, Gülnarə Nemətova, Pərvanə Əyyubqızı, Arzu Əliyeva, Əsmət Əbdülqızının zəhməti vardı. Sonralar bu sıraya Sənan Əlləz, Fərid Məmmədov, Nailə Məmmədova, Xanım Cəfərova kimi gənclər də qoşuldular. Kompüter operatorluğu işinin ağırlığı Lamiyə Məmmədova və Xəyalə Cəfərovanın üzərinə düşürdü. “Səhər”in ştatı redaksiya fəaliyyət göstərə-göstərə, seçim, seleksiya əsasında formalaşdı. Radio-televiziya işində, canlı efir sahəsində böyük təcrübəsi olan Qorxmaz Şıxəliyev baş redaktor müavini təyin edildi. Yazıçı-tətdiqatçı Nəcibə Bağırzadə, tarixi mövzuları çox yaxşı bilən qocaman jurnalist Ərşad Əhmədov, gənclərdən Humay Quliyeva, İlknur Aşurova da yaradıcı heyətdə yer aldılar. “Səhər” “Gəl, səhərim”in ardınca Azərbaycan Radiosuna yeni-yeni verilişlər gətirdi. Bu proqramların sayı 17-yə çatdı. Onların əksəriyyəti canlı yaylımlanırdı. Redaksiyanın 89 saat həcmində olan aylıq verilişlərinin 78 saatını canlı yayımlananlar təşkil eləyirdi. Bu, az vaxtda qazanılan böyük uğur idi. “Soruşun, cavab verək” proqramında studiyaya gələn müvafiq dövlət qurumlarının nümayəndələri 55 dəqiqə ərzində əhalinin pensiya və müavinətlərlə bağlı suallarını cavablandırırdılar. “Hüququmuz var” adına uyğun olaraq əhalini hüquqi cəhətdən efirdən maarifləndirir, onları maraqlandıran suallara aydınlıq gətirirdi. “Qum saatı” görkəmli şəxsiyyətlərin mənalı ömür yolundan bəhs edir, onların həyatlarının dinləyiciyə məlum olmayan səhifələrini işıqlandırırdı.

“O kənd bizim kəndimizdir” milli taleyimizin ən ağrılı mövzularından birindən, Qərbi Azərbaycanda qalan qədim yurd yerlərimizin tarixindən, acı taleyindən danışırdı. “Düşüncələr”, “Ötən əsrin xronikası”, “105-ci maşın”, “Könül körpüsü”, “Gecənin aydınlığında”, “Təbiət”, “60 dəqiqə” verilişləri də Azərbaycan Radiosunun proqram cəbbəxanasını xeyli zənginləşdirdi, redaksiyanın nüfuzunu artırdı. “Səhər” Radionun ən böyük, ən aparıcı redaksiyalarından birinə çevrildi. Burada gənclərlə aparılan iş həmişə, hər yerdə təqdirə layiqdir. Heç təsadüfi deyil ki, “Səhərdən” pərvazlanan neçə-neçə gənc qələm sahibi ölkənin müxtəlif televiziya və radio kanallarında uğurla çalışmaqdadırlar. “
Bugün isə “Səhər” redaksiyasında “Gəl, səhərim”, “Avtoreyd”, “ Retroritm”, “ O kənd bizim kəndimizdir” verilişləri və “Soruşun cavab verək”, “Hüququmuz var “ çarxları dinləyicilərə təqdim edilir.

Gözəl ənənələri olan Azərbaycan radiosu günümüzdə zəngin təcrübə qazanmaq üçün ən düzgün və doğru seçimdir. 100 illik tarixi olan doğma radionun bir parçası olmaq sözün həqiqi mənasında həm qüruruverici, həm də məsuliyyətlidir. Azərbaycan Radiosu bu gün bütün varlığı, gücü, sadiq qaldığı ənənələri ilə və yeniləşən ruhu ilə dövlətinin, xalqının yanındadır. Efir məkanında ucalıqda qərar tutmaqdadır.

Gülnarə Nemətova



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki