Məhəmməd Hənəfi Terequlov 1877-ci il noyabrın 7-də Tiflisdə anadan olmuşdu.
14 yaşında ikən, səkkiz uşaqlı ailəni dolandırmaq üçün qardaşı Ramazanla birlikdə Batumi dəmir yolu tunelinin tikintisində çalışmağa başlayırlar.
1892-ci ildə Qori Müəllimlər Seminariyasının türk şöbəsinə qəbul olunur. Burada skripka çalmağı öyrənir, xor ixtisasına yiyələnir və teatr qrupuna qoşularaq Tiflisdə müxtəlif səfərlərdə iştirak edir. Sonradan kiçik qardaşı Əli də həmin seminariyada təhsil almağa başlayır.
Çar Rusiyası dövrünün sərt qaydalarına baxmayaraq, Terequlov qardaşları seminariyada marksist ideyalar yayan gənclərlə əlaqə saxlayırdılar. Burada onun yolu Üzeyir Hacıbəyli və Əbdülmüslim Maqomayev ilə kəsişir. Bu dostluq sonradan qohumluq münasibətlərinə çevrilir: bacısı Məleykə Terequlova Üzeyir bəylə, digər bacısı isə Əbdülmüslim Maqomayevlə ailə qurur.
1897-ci ildə təhsilini başa vurduqdan sonra İrəvan quberniyasının Əştərək bölgəsinə müəllim təyin edilir. Daha sonra Bakıya köçərək rus-tatar məktəblərinin açılmasında mühüm rol oynayır.
Bakıya gəldikdən sonra dəmir yolu işçilərinin teatr truppasına qoşulur. Nikolay Qoqol və Maksim Qorki kimi rus klassiklərinin əsərlərini səhnələşdirərək fəhlələr arasında maarifləndirici və gizli inqilabi təbliğat aparır. 1905–1907-ci illərdə qadağan olunmuş kitab və qəzetlərin yayılmasında iştirak edir.
1908-ci ildə Leyli və Məcnun operasının səhnələşdirilməsində iştirak edir və tamaşanın xor rəhbəri olur. Geniş səs diapazonuna malik olan Terequlov tamaşada Novəl rolunu ifa edir.
1909-cu ildə bolşevik təbliğatına görə Tiflisdə qısa müddətə həbs olunur.
O, Lübov Birkovna Xanina ilə ailə qurmuşdur. Bu evlilikdən Davud və Tamara adlı iki övladı olmuşdur.
1912–1914-cü illərdə Üzeyir Hacıbəyli, Əbdülmüslim Maqomayev və Hüseynqulu Sarabski ilə birlikdə Azərbaycan opera truppasına rəhbərlik edir.
1913-cü ildə Arşın mal alan operettasının premyerasında Süleyman rolunu canlandırır. Həmçinin “Şeyx Sənan”, “Şah Abbas və Xurşudbanu” və “Əsli və Kərəm” operalarında müxtəlif rollar ifa edir.
1917-ci ildə qardaşı Əli ilə birlikdə Bakıda “Birlik” təşkilatını yaradır. Bu təşkilat neft mədənlərində çalışan fəhlələri birləşdirirdi.
1918-ci ildə Mart soyqırımı hadisələrindən sonra Həştərxana gedir. Daha sonra Uralda Ataman Dutovun qiyamının yatırılmasında iştirak edir.
Azərbaycana yalnız Azərbaycan Xalq Cümhuriyyətinin süqutundən sonra qayıdır və Xalq Maarif Komissarlığında incəsənət idarəsinin sədri vəzifəsində çalışır.
Bəzi mənbələrə görə, 1920-ci ildə Üzeyir Hacıbəylinin güllələnməsi planlaşdırılır. Terequlov siyahıda onun adını görərək dərhal Nəriman Nərimanova məlumat verir. Nərimanov bu qərarı ləğv edir və Üzeyir bəyə Bakını müvəqqəti tərk etməyi tövsiyə edir.
1920-ci ildə Xalq Maarif Komissarlığı nəzdində fotokino bölməsi yaradılır. Terequlov və Müslüm Maqomayevin rəhbərliyi ilə burada kinoteatrlar və filmlər qeydiyyata alınır.
Onun təşəbbüsü ilə yenidən qurulan Bakı kinostudiyasında Azərbaycanın ilk tammetrajlı filmi olan Qız qalası əfsanəsi çəkilir. Bu filmdə Şirvan xanı rolunu özü ifa edir.
Məhəmməd Hənəfi Terequlov iki dəfə əmək qəhrəmanı adına layiq görülür.
O, 1942-ci il dekabrın 18-də Bakıda vəfat edir.
Qoşqar Salmanlı





















