Belçikada binanın təmiri zamanı fəhlələr inanılmaz tapıntı ilə üzləşiblər – zirzəminin divarında gizlədilmiş seyfdən milyonlarla avro dəyərində qızıl çıxıb.
Korrekt.az xəbər verir ki, hadisə Sint-Gillis-bij-Dendermonde yaşayış məntəqəsində baş verib. De Brand şirkətinin əməkdaşları Şərqi Flandriya Sosial Yardım Mərkəzinin binasında təmir işləri apararkən zirzəmidə divarlardan birini söküblər.
Divarın içərisində gizlədilmiş seyf aşkar edilib. Seyfdən qızıl parçaları, sikkələr və külçələr çıxıb. Tapıntının ümumi dəyərinin təxminən 9 milyon avro olduğu bildirilir.
Hadisə barədə polisə məlumat verilib. Hüquq-mühafizə orqanları qızılları götürərək təhlükəsiz yerə aparıblar. Hazırda prokurorluq xəzinənin kimə məxsus olduğunu araşdırır.
Ən maraqlısı isə budur ki, indiyədək heç kim 9 milyon avroluq sərvətə sahiblik iddiası ilə müraciət etməyib.
Əgər qanuni sahibi müəyyən edilməsə, qızılların sosial yardım mərkəzinə keçəcəyi bildirilir. Mərkəz isə vəsaiti evsiz insanlar üçün əlavə yerlərin yaradılmasına yönəltməyi planlaşdırır.Musavat.com
![]()























