image-interpress_fb870b830becc7631d72866efff00809_5na6gioxwb9ch8kq71je-640x336backend

Doğru Sözün Açdığı Yol: “Əkinçi”dən Azərbaycan Mətbuatına

image-ads-728x90

XIX əsrin ikinci yarısında dünyanın bir çox xalqlarının mədəni həyatında mətbuat mühüm yer tutsa da, Azərbaycanda bu sahə hələ formalaşmamışdı. Həmin dövrdə ölkənin ictimai-siyasi və mədəni həyatında baş verən dəyişikliklər milli mətbuatın yaranmasını tarixi zərurətə çevirmişdi.

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. 1875‑ci il iyulun 22‑də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin ilk sayı işıq üzü gördü. Bu hadisə, sadəcə yeni bir mətbu orqanın meydana çıxması deyildi, bu həm də xalqın öz dilində düşünməsi, danışması və ictimai məsələləri müzakirə etməsi üçün açılan yeni bir yol idi.

XIX əsrin ikinci yarısında Azərbaycanda ictimai-siyasi və mədəni həyat dəyişir, anadilli məktəbə, teatra, xeyriyyə cəmiyyətlərinə və milli mətbuata ehtiyac getdikcə artırdı. Dövrün maarifçi ziyalıları xalqı cəhalətdən və mövhumatdan uzaqlaşdırmağın yolunu elmdə, təhsildə və sözün gücündə görürdülər. Həsən bəy Zərdabi isə doğru sözün geniş kütlələrə çatması üçün qəzetin əvəzsiz vasitə olduğuna inanırdı.

“Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur… Heç olmaz ki, doğru söz yerdə qalsın.”
— H
əsən bəy Zərdabi

Zərdabinin bu inamı “Əkinçi”nin başlıca məramına çevrildi. Qəzet ayda iki dəfə, 300-400 nüsxə tirajla nəşr olunur, “Daxili xəbərlər”, “Əkin və ziraət xəbərləri”, “Elmi xəbərlər” və “Təzə xəbərlər” rubrikalarında müxtəlif mövzulara yer verirdi. Sadə və anlaşıqlı dilə üstünlük verilməsi “Əkinçi”ni həm ziyalıların, həm də geniş xalq kütlələrinin qəzetinə çevirmişdi.

“Əkinçi” xalqı məlumatlandırmaqdan daha çox onu düşünməyə və yeniliyə çağırırdı. Qəzetin səhifələrində elm və təhsilin əhəmiyyəti, yeni tipli məktəblərin açılması, kənd təsərrüfatının inkişafı, ədəbiyyat və mədəniyyət, qadınların təhsili və cəmiyyətdəki mövqeyi kimi məsələlər müzakirə olunurdu. Beləcə, mətbuat maarifçilik hərəkatının ən təsirli tribunalarından birinə çevrilirdi.

Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məhəmmədtağı Əlizadə Şirvani kimi ziyalılar qəzetlə əməkdaşlıq edir, Seyid Əzim Şirvani şeirlərini, Mirzə Fətəli Axundzadə isə məqalələrini “Vəkili-naməlumi millət” imzası ilə “Əkinçi”yə göndərirdi. Bu əməkdaşlıq qəzetin təkcə informasiya vasitəsi deyil, həm də fikir və ədəbiyyat məktəbi olduğunu göstərirdi.

Təəssüf ki, “Əkinçi”nin ömrü uzun olmadı. Senzura, siyasi təzyiqlər və dövrün ağır şərtləri nəticəsində qəzetin nəşri 1877‑ci il sentyabrın 29‑da dayandırıldı. Cəmi 56 sayı işıq üzü görsə də, onun milli düşüncənin və anadilli mətbuatın formalaşmasındakı rolu misilsiz idi. “Əkinçi” bağlandı, amma Zərdabinin açdığı yol bağlanmadı.

Sonrakı illərdə Tiflisdə nəşr olunan “Ziya”, “Ziyayi-Qafqaziyyə” və “Kəşkül” kimi mətbu orqanlar həmin maarifçilik xəttini davam etdirdi. Əli bəy Hüseynzadənin “Əkinçi ədəbiyyata qapı açmışdır” fikri də bu tarixi xidmətin ən yığcam ifadələrindən biridir. Doğrudan da, “Əkinçi” özündən sonra yaranan qəzet və jurnallar üçün həm dil, həm mövzu, həm də ictimai məsuliyyət baxımından örnək oldu.

Azərbaycan mətbuatı sonrakı dövrlərdə müxtəlif siyasi sistemlərdən, senzura məhdudiyyətlərindən və mürəkkəb tarixi mərhələlərdən keçdi. Bununla belə, milli yaddaşın qorunması, ana dilinin inkişafı, maarifçilik və ictimai fikrin formalaşdırılması missiyasını davam etdirdi. Müstəqillik illərində söz və məlumat azadlığının hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1998‑ci ildə senzuranın ləğvi, media ilə bağlı qanunvericiliyin yenilənməsi, mətbuatın maddi-texniki imkanlarının yaxşılaşdırılması və 2003‑cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılması bu yolun mühüm mərhələləri oldu.

Müasir dövrdə mətbuatın fəaliyyət sahəsi artıq ənənəvi çap formatı ilə məhdudlaşmır. Xəbər portalları, sosial şəbəkələr, podkastlar və digər rəqəmsal platformalar informasiyanın hazırlanması, yayılması və istehlakı prosesinə əsaslı təsir göstərərək onun operativliyini və auditoriya əhatəsini əhəmiyyətli dərəcədə genişləndirmişdir. Bununla belə, texnoloji transformasiya jurnalistikanın fundamental peşə prinsiplərini dəyişdirməmişdir. Həqiqətə sədaqət, faktoloji dəqiqlik, obyektivlik, ictimai məsuliyyət və ümumi maraqlara xidmət müasir jurnalistikanın əsas etik və peşə meyarları olaraq qalır. Sürətin bəzən həqiqəti qabaqladığı, təsdiqlənməmiş məlumatın saniyələr içində minlərlə insana çatdığı bir dövrdə peşəkar jurnalistin məsuliyyəti daha da ağırdır. Oxucunun etimadını qorumaq üçün xəbər yoxlanılmalı, fakt rəydən ayrılmalı, insan ləyaqətinə və cəmiyyətin həssaslıqlarına hörmət edilməlidir. Zərdabinin “doğru söz” çağırışı məhz buna görə bu gün də öz aktuallığını saxlayır.

Əkinçidən müasir rəqəmsal mediaya uzanan 151 illik yol göstərir ki, mətbuatın gücü yalnız xəbəri çatdırmaqda deyil, cəmiyyəti düşündürməkdə, maarifləndirməkdə və həqiqəti qorumaqdadır. Bu gün peşə bayramını qeyd edən vicdanlı, obyektiv və dürüst qələm sahiblərini təbrik edir, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. Qoy doğru söz heç vaxt yerdə qalmasın.

image-1

Elza İbadova



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki