Türk dövlətləri media və təhsil sahəsində əməkdaşlığı daha da gücləndirməli, məlumat və təcrübə mübadiləsini artırmalı, ortaq platformaları inkişaf etdirməlidir.
Korrekt.az apa.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Bakıda keçirilən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclasının iştirakçılarına videomüraciətində deyib.
O bildirib ki, dezinformasiya, nifrət məzmunu və rəqəmsal manipulyasiya cəmiyyətlərin sabitliyini və əmin-amanlığını təhdid edir.
“Bu səbəbdən türk dövlətləri olaraq media və təhsil sahəsində əməkdaşlığımızı daha da gücləndirməli, məlumat və təcrübə mübadiləsini artırmalı, ortaq platformalar inkişaf etdirməli və xüsusilə böhran dövrləri üçün peşəkar hazırlığı gücləndirməliyik”, – Burhanettin Duran qeyd edib.
Türkiyə rəsmisi ortaq mədəni irsin və sivilizasiya yaddaşının rəqəmsal dünyada daha görünən və təsirli hala gətirilməsinin də böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, süni intellekt və yeni media texnologiyaları yalnız izlənilən inkişaflar deyil, türk dövlətlərinin birlikdə istiqamət verməli olduğu sahələrdir.





















