Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirlərinin məqsədi bu ərazilərdə konstitusiya quruluşunun bərpa edilməsi, vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır. Cünki, heç bir dövlət öz ərazisində qanunsuz silahlı birləşmələrin mövcudluğu ilə razılaşa bilməz.
Qanunsuz silahlı birləşmələrin və Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazisində mövcudluğu ölkənin milli təhlükəsizliyinə təhdid yaradır, buna görə də antiterror tədbirləri zərurətə çevrilib.
Son dövrlər işğaldan azad olunmuş ərazilərdə baş vermiş mina terroru Ermənistanın və onun dəstəklədiyi separatçı xuntanın fəaliyyətinin nəticəsi idi. 2020-ci il noyabrın 10-dan sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə 314 nəfər minadan zərər çəkib. Onlardan 61 nəfəri həlak olub, 253 vətəndaşımız yaralanıb. Eyni zamanda, qanunsuz silahlı birləşmələr mütəmadi olaraq digər təxribatlar törədirdi. Separatçı xuntanın döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırlığı səviyyəsinə gətirilməsi, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi müşahidə olunurdu. Buna görə də Azərbaycan dövləti antiterror tədbirlərini həyata keçirmək məcburiyyətində qaldı.
Antiterror tədbirləri üçtərəfli Bəyanatın müddəalarının təmin olunmasına, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınmasına xidmət etdi. Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusunun hədəfi mülki obyektləri və dinc sakinlər deyil Ermənistan silahlı qüvvələrinin mövqeləri və atəş nöqtələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahlar vasitəsilə məhv edildi. Azərbaycan Silahlı Qüvvələri yalnız legitim hərbi hədəfləri sıradan çıxardı. Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin yerləşdirilməsini nəzərə alaraq, ərazidə olan mülki əhaliyə müvafiq xəbərdarlıqlar ediblər.
Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu, özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi və Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs olundu və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.
Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi qazisi





















