Hər il olduğu kimi bu il də ölkəmizin hər yerində yeni tədris ilinin başlanılması böyük sevinc hissi ilə qeyd olunur. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ağstafa şəhər 3 saylı tam orta məktəbində keçirilən Bilik Günü tədbirində iştirak edib, rayonun təhsil işçilərinə, şagird və müəllimlərə təbriklərini çatdırıb. Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. RİH başçısı bildirb ki, Ulu Öndər Heydər Əliyevin dərin milli mənafelər üzərindən qurularaq ölkəmizin dayanıqlı inkişafına xidmət edən elm və təhsil siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli, Vətənə daha layiqli vətəndaş kimi yetişməsinə hesablanıb. Digər natiqlər də çıxış edərək təhsilin keyfiyyətinin yüksəldilməsinin, müəllim əməyinin qiymətləndirilməsinin və gənclərin təhsilə marağının artırılmasının vacibliyi vurğulayıb. Şagirdlərin ifasında nümayiş etdirilən ədəbi-bədii kompozisiyalar alqışlarla qarşılanıb. Sonda məktəbə ilk qədəmlərini qoyan birincilərin təhsil alacaqları sinif otaqlarında onlarla görüş keçirilib, xatirə şəkilləri çəkdirilib.






















