image-3backend

Qarabağ və Şərqi Zəngəzura qayıdış intensivləşir

image-ads-728x90

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin təmsilçilərinin azad edilmiş ərazilərə səfərləri Azərbaycanın gördüyü işlərin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfərlər diplomatların regionda aparılan bərpa prosesini, yaradılan yeni infrastrukturu və “Böyük Qayıdış” proqramının icrasını yerində görməsinə imkan yaradır.

Bu günə qədər Azərbaycanda akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura 20-dən çox səfəri təşkil olunub. Diplomatların hər səfər zamanı regionda baş verən dəyişiklikləri öz gözləri ilə görməsi və qiymətləndirməsi Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinin dünyaya çatdırılması baxımından olduqca önəmlidir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir. 2022-ci ildən başlayan davam edən proqramın birinci mərhələsi artıq başa çatmaq üzrədir. Bu il “Böyük Qayıdış” proqramının ikinci mərhələsinə başlanılması nəzərdə tutulur və proses 2040-cı ilə qədər davam edəcək. Böyük Qayıdış”ın uğurla həyata keçirilməsi üçün ilk növbədə Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması və vətəndaşların ləyaqətli şəkildə geri qayıtması üçün lazımi şəraitin yaradılması vacib idi. Söhbət yalnız insanların fiziki olaraq öz torpaqlarına qayıtmasından getmir. Əsas məqsəd vətəndaşların doğma yurdlarına ləyaqətli, təhlükəsiz və normal yaşayış imkanları ilə dönməsidir. “Böyük Qayıdış” proqramının birinci mərhələsində əsas resurslar dağıdılmış şəhərlərin, qəsəbələrin və kəndlərin yollarının bərpasına, tunellərin, körpülərin və digər mühüm infrastruktur obyektlərinin inşasına yönəldilib. Artıq proqramın ikinci mərhələsində vətəndaşların azad edilmiş ərazilərə qayıdışı daha da intensivləşəcək.

Azərbaycan 2020-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsait ayırıb. Bu göstərici dövlətin azad edilmiş ərazilərin bərpasına və dirçəldilməsinə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan bu işi öz gücü və resursları hesabına həyata keçirir. Bu, Azərbaycanın iqtisadi imkanlarını, siyasi iradəsini və qarşıya qoyduğu məqsədlərə sadiqliyini göstərir.

Müharibədən sonra darmadağın edilmiş Avropa şəhərləri və ölkələri yalnız öz imkanları hesabına bərpa olunmayıb. ABŞ-nin “Marşall planı” çərçivəsində 16 Avropa ölkəsinə təxminən 15 milyard ABŞ dolları ayrılıb. Bu məbləğin bugünkü ekvivalentinin 160 milyard dollara yaxın olduğu bildirilir. “Marşall planı” olmasaydı, indiki Avropanın və Avropa şəhərlərinin bu səviyyəyə gəlib çatması mümkün olmazdı. Azərbaycan isə bütün çətinliklərə və çağırışlara baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurun bərpasını təkbaşına həyata keçirir.

Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin inkişaf istiqamətləri bir-birindən ayrı deyil, kompleks və vahid sistem çərçivəsində nəzərdən keçirilir. Şuşada mədəniyyət və humanitar fəaliyyət, Xankəndidə urbanistik inkişaf və məşğulluq, Ağdamda sənaye, Zəngilan, Füzuli və Cəbrayılda kənd təsərrüfatı, digər ərazilərdə isə alternativ enerji və nəqliyyat layihələri prioritet təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq prosesi mədəniyyətdən və humanitar fəaliyyətdən tutmuş kənd təsərrüfatına, sənayeyə, alternativ enerji mənbələrinə, nəqliyyat-kommunikasiya infrastrukturuna və insanların təhlükəsiz şəkildə qayıdaraq yaşamasına qədər bütün istiqamətləri əhatə edir. Heç bir məsələ digərindən ayrı nəzərdən keçirilmir. Bütün proses vahid inkişaf strategiyası əsasında həyata keçirilir. 2026–2040-cı illərdə “Böyük Qayıdış” proqramının növbəti mərhələlərinin icrası nəticəsində Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın və dünyanın əsas inkişaf etmiş regionlarından birinə çevrilə bilər.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

 

 

 

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki