Cəmiyyətdə tarixi şəxsiyyətlər və dövlət adamları haqqında fikir ayrılığının olması təbiidir. Lakin hər bir tənqidin dəyəri onun emosional tonunda yox, mənbəyə, faktlara, metodoloji dəqiqliyə və etik çərçivəyə söykənməsində ölçülür. Dövlətçilik yaddaşı ilə bağlı müzakirələrdə xüsusilə iki məsuliyyət – faktı xatirədən ayırmaq və şəxsə yönəlmiş ittihamı sübut yükü ilə daşımaq mühümdür. Mirzə Maşovun paylaşımlarında Həsən Əziz oğlu Həsənovun şəxsi bioqrafiyası, Tbilisi mühiti, sovet dövrü, təhsil dili, yaşayış məkanı və bəzi epizodik xatirələr üzərindən bir sıra nəticələr çıxarılır, hətta yer-yerdə “yalan” kimi ağır ittiham dili işlədilir. Bu yanaşma isə elmi diskussiyadan çox subyektiv təəssüratın ümumiləşdirilib hökmə çevrilməsi təsiri bağışlayır.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, şair-publisist Sabir Rüstəmxanlı Həsən Əzizoğlu Həsənovu sovet elitası daxilində nadir görünən xalqla yaxınlıq, ana dilinə bağlılıq və mədəniyyətə xüsusi hörmət keyfiyyətləri ilə səciyyələndirir (https://edebiyyatqazeti.az/news/sience/12504-edebi-portretler-silsilesinden-hesen-ezizoglu-hesenov). Onun həm idarəçilikdə, həm də milli-mənəvi dəyərlərin qorunmasında cəsarətli və ardıcıl mövqe nümayiş etdirdiyini vurğulayır. Eynulla Mədətli isə Həsən Həsənovu sovetdən müstəqilliyə keçid dövründə dövlətçiliyə sədaqətlə xidmət edən, diplomatik məktəb yaradan, prinsipial və məqsədyönlü rəhbər kimi təqdim edir (https://525.az/news/309778-azerbaycan-diplomatiyasinda-hesen-hesenov-fenomeni). Hər iki müəllifin ümumi qənaəti ondan ibarətdir ki, Həsən Həsənovun dəyəri yalnız tutduğu yüksək postlarla deyil, xalq etimadı, peşəkar tələbkarlıq və milli maraqları müdafiə edən dövlətçilik mövqeyi ilə ölçülür. Bu baxımdan, onun fəaliyyəti Azərbaycan siyasi və intellektual tarixində davamlı iz buraxan nümunəvi xidmət modeli kimi dəyərləndirilir.
Həsən müəllim Tiflisdə doğulub. Amma harada doğulmaqdan daha önəmlisi, insanın ömrünü nəyə sərf etməsidir. O, fəaliyyətə başladığı ilk gündən bu günədək taleyini Azərbaycanla bağlayıb və Azərbaycana xidmət edib. Dövlət işində olan hər kəs bilir ki, illər keçdikcə ən çətin olan vəzifə tutmaq yox, etibarı qorumaqdır. Həsən Həsənovun yolu məhz bu etibarın, bu məsuliyyətin yoludur. Onun fəaliyyəti sovet dövrünü də, müstəqilliyin ilk ağır illərini də əhatə edir. Məumdur ki, 1990–1992-ci illər Azərbaycan üçün çox ağır, çox qarışıq, çox ağrılı illər idi. O illərdə idarəçilik elə bir məsələ idi ki, səhv addımın qiymətini bütöv bir cəmiyyət ödəyirdi. Həsən müəllim həmin dövrdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri kimi hökumətə rəhbərlik etdi. Bu faktın özü belə göstərir ki, o, məsuliyyətdən qaçan yox, məsuliyyəti öz üzərinə götürən adamlardandır. Müstəqillik illərində isə onun adı Azərbaycan diplomatiyası ilə yanaşı çəkilir. Xüsusilə BMT-də fəaliyyətini xatırlayanda bir məqamı unutmaq olmaz: Azərbaycan dünyaya yeni çıxırdı, informasiya müharibəsi gedirdi, Qarabağ həqiqətlərini qəbul etdirmək çox çətin idi. Belə bir zamanda BMT-də prinsiplə, inadla, yorulmadan çalışmaq sadəcə vəzifə icrası deyil, dövlət adına mübarizə idi. Bu xəttin nəticələri var idi və həmin nəticələr Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət etdi.Ancaq, Həsən Həsənovu yalnız dövlət postları ilə anlatmağı doğru deyi. Çünki onun fəaliyyəti təkcə rəsmi protokollardan ibarət olmayıb. O, həm də diplomat kimi bir mədəniyyət, bir davranış, bir məktəb yaradıb. Onunla işləyənlərin yazdıqları xatirələrdə bir şey aydın görünür: tələbkar olub, sənədə ciddi yanaşıb, məsuliyyəti sevdirməyi bacarıb. Bəzən sərt olub, amma sərtliyin arxasında məqsəd bir olub: dövlət işini ciddi görmək. Bu gün bizim üçün ayrıca dəyərli olan bir cəhət də var: Həsən müəllim uzun illər xaricdə, o cümlədən Polşada səfir işlədiyi dövrdə də Azərbaycan kimliyinə, tarixi yaddaşa biganə qalmayıb. Diplomatiya yalnız görüşlər, sənədlər deyil. Diplomatiya eyni zamanda millətin özünü dünyada necə təqdim etməsidir. Bu baxımdan Həsən müəllimin Vəli bəy Yadigarovla bağlı xatirələri, onun şəxsiyyətinə hörməti, tarixi yaddaşa diqqəti çox qiymətlidir. Hər bir xalq üçün vacibdir ki, öz qəhrəmanlarını, öz şərəfli adlarını unudulmağa qoymasın. Polkovnik Vəli bəy Yadigarovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatlarının Tbilisidə keçirilməsi və ardınca Bakıda – Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında nümayiş etdirilməsi, tarixi yaddaşın yaşadılması baxımından mühüm ictimai-mədəni hadisədir. Bu kimi təqdimatlar yalnız bir şəxsin deyil, bütövlükdə milli dövlətçilik ənənəsinin, hərb tariximizin və diaspora yaddaşının qorunmasına xidmət edir. Belə tədbirlərə dəstək vermək milli irsə məsuliyyət nümunəsidir. Bu cür təşəbbüslərə təcrübəli diplomatın, dövlət adamının diqqəti, mənəvi dəstəyi isə işi daha da gücləndirir, onu daha geniş auditoriyaya çıxarır. Həsən müəllimə yanaşanda bir şeyi də unutmamalıyıq: o, yaşının bu çağında belə araşdırır, yazır, çıxış edir, tarix və dövlətçilik mövzularında düşünür. Bu, dövlətə xidmətin başqa bir formasıdır: fikirlə xidmət, sözlə xidmət, yaddaşla xidmət.
İnsanlar haqqında ən doğru hökmü zaman verir. Zaman isə adətən iki şeyi saxlayır: etibar və xidmət. Həsən Əziz oğlu Həsənovun yolu dövlətə sədaqət, məsuliyyət və milli yaddaşa hörmət xəttidir. Biz belə insanları qiymətləndirəndə tək bir şəxsi yox, bütöv bir dövlətçilik mədəniyyətini qiymətləndirmiş oluruq. Lakin bütün bunlara baxmayaraq, Mirzə Məmmədoğlu Maşovun Həsən Həsənova yönəlik tənqidi fikirləri dəyərli Həsən müəllimin bu xidmətləri qarşısında əsassız və gülünc görünür. Hesab edirəm ki, özünə hörmət edən ziyalı Həsən müəllimin bütün fəaiyyətini təhlil edib ondan özü üçün örnək götürməli və gələcək nəsilərə ötürməlidir. Paylaşımlarda işlədilən “yalan deyir”, “belə deyil”, “filan yerdə belə olmayıb” kimi ifadələr sadəcə fikir deyil, ittihamdır. İttiham isə mənbə tələb edir: sənəd, arxiv arayışı, daşınmaz əmlak reyestri, tarixi xəritə, məktəb sənədi, rəsmi qeydiyyat və s. Bu sübutlar təqdim edilmədikdə, mətn elmi polemika deyil, xatirənin hökmə çevrilməsi olur. “Günahı sistemdə görüb, şəxsin üstünə yazmaq” metodoloji səhvdir. Həsən Həsənovun sovet idarəçilik pillələrində olması faktı ayrıca müzakirə oluna bilər. Ancaq sovet nomenklaturasında yer almağı avtomatik şəkildə “filan faciənin təşkilatçısı” kimi təqdim etmək fərdi məsuliyyət prinsipinə ziddir. Hadisələrin siyasi məsuliyyəti ilə bir şəxsin hüquqi-fərdi məsuliyyətini qarışdırmaq, elmi yanaşma deyil. Dil, məktəb və “rusdillilik” üzərindən xarakter çıxarmaq qeyri-elmi yanaşmadır. Paylaşımlarda “rus məktəbi”, “rusdilli” kimi motivlər mənfi çalarla verilir. Halbuki çoxdilli mühitdə böyümək və bir neçə dili bilmək nə “günahdır”, nə də siyasi-əxlaqi ittiham predmeti. Dil biliyini “karyera xətti” kimi yozmaq mümkündür, amma bunu mənəvi damğaya çevirmək elmi deyil. Xatirə – dəlil deyil, yalnız materialdır. Mirzə Maşovun yazısı böyük ölçüdə şəxsi müşahidə və xatirələrə söykənir: kim nə dedi, kim necə reaksiya verdi, kim nə hiss etdi və s. Bu cür detallar publisistik mətn üçün maraqlı ola bilər. Amma bunlar üzərində “şəxsin dövlətə xidmətini inkar edən” nəticə çıxarmaq düzgün deyil. Xatirə subyektivdir, elmi diskussiyada xatirə dəlillə yoxlanmalıdır. Paylaşımlarda müəllif özü göstərir ki, Həsən Həsənov tədbirdə iştirak edib, çıxış edib, Vəli bəy Yadigarov haqqında təqdimat mühitində yer alıb. Bu, əslində, Həsən Həsənovun milli yaddaşa biganə qalmaması barədə deyilənləri gücləndirən detal kimi də oxuna bilər. Deməli, mövzu “təkzib”dən çox, yanaşmanın tonu və nəticələrin ədalətliliyi problemidir. Həsən Həsənov haqqında obyektiv qiymətləndirmə üç ölçüdə aparılmalıdır:
İnstitusional nəticələr: hansı dövrdə hansı qərarlar, hansı diplomatik istiqamət, hansı idarəçilik nəticəsi.
Tarixi kontekst: 1990–1992 kimi böhran illərində real səlahiyyətlər, məhdudiyyətlər, sistemin təzyiqləri.
Şəxsi etik portret: idarəçilik mədəniyyəti, sənəd intizamı, kadr məktəbi, diplomatik davranış.
Bunların yerinə emosional epizodlardan “şəxsiyyət portreti” düzəltmək, cəmiyyəti maarifləndirmir əksinə, qütbləşdirir.
İctimaiyyətin tanıdığı dövlət xadimləri haqqında fikir bildirmək hər kəsin hüququdur. lakin bu hüquq, xüsusilə reputasiya və tarixi yaddaşla bağlı mövzularda, əlavə məsuliyyət də tələb edir. Çünki burada müzakirə edilən təkcə ayrı-ayrı şəxslər deyil, eyni zamanda dövlətçilik təcrübəsinin qiymətləndirilməsi, institusional yaddaşın qorunması və ictimai diskursun keyfiyyətidir.
Bu səbəbdən, əgər Mirzə Maşovun əlində konkret arxiv sənədləri, rəsmi qeydlər, yoxlanıla bilən istinadlar və ya tarixşünaslıq standartlarına uyğun mənbələr mövcuddursa, buyursun, onları təqdim etsin; müzakirə sənəd üzərindən, yəni faktların yoxlanıla bildiyi elmi müstəvidə aparılsın. Bu, həm tənqid edən tərəfin mövqeyini möhkəmləndirər, həm də ictimaiyyətin həqiqətə daha yaxın nəticə çıxarmasına imkan verər. Əgər belə mənbələr təqdim olunmursa, xahiş olunur, ən azı mətnin tonunda “ittiham dili” zəiflədilsin və subyektiv xatirələr, təəssüratlar və epizodik müşahidələr qəti hökmlərin yerinə keçirilməsin. Xatirə publisistik janr üçün dəyərli ola bilər. lakin elmi-tənqidi mühakimədə xatirə yoxlanıla bilən faktı əvəz etmir. Əks halda, müzakirə “dəlillərin toqquşması”ndan çıxıb “emosiyaların toqquşması”na çevrilir ki, bu da nə tarixi həqiqətə, nə də sağlam ictimai mühitə xidmət edir. Bir dövlət adamı haqqında danışarkən, biz əslində paralel olaraq biz öz ictimai danışıq mədəniyyətimizi də müzakirə edirik. Bu mədəniyyətin meyarı isə sadədir: arqumentin əsası, üslubun etikası, qiymətləndirmənin ədaləti. Dövlətçilik, tarix və milli yaddaş mövzuları polemika üçün açıqdır, amma bu polemika yalnız o zaman faydalıdır ki, o, sübutla danışsın, təhqirlə yox, mövzuya xidmət etsin, şəxsi hədəfə yox, həqiqəti axtarsın, damğa vurmasın!
Həsən Həsənovun çoxşaxəli fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və institusional yaddaşın qorunmasına xidmət edir. Dövlətçilik yaddaşı barədə tənqidlər isə yalnız faktlara, yoxlanıla bilən mənbələrə və etik çərçivəyə söykənməlidir.
Təbriz Abdula oğlu Yadigarov
ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat”
kafedrasınn dosenti, i.f.d.,





















