image-1backend

Sülhün qarşısındakı əsas maneə – Ermənistan Konstitusiyası

image-ads-728x90

2020-ci il Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra regionda yeni siyasi reallıq formalaşsa da, Azərbaycan və Ermənistan arasında hələ də yekun sülh sazişi imzalanmayıb. Son dövrlərdə tərəflər arasında danışıqların intensivləşməsi, sərhəd delimitasiyası və kommunikasiyaların açılması ilə bağlı müzakirələrin davam etməsi sülh prosesini yenidən gündəmə gətirib.
Bununla yanaşı, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması, Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılıqları və regionda davam edən geosiyasi maraqlar toqquşması prosesin yekunlaşmasını çətinləşdirən əsas amillər kimi qiymətləndirilir.

İndiki siyasi və diplomatik prosesləri nəzərə alsaq, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması artıq yaxın perspektiv üçün real görünürmü, yoxsa regionda davam edən geosiyasi rəqabət bu prosesi yenidən uzada bilər?

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info-ya açıqlamasında bildirib ki, müharibədən beş ildən artıq vaxt keçməsinə baxmayaraq, sülh müqaviləsinin hələ də imzalanmamasının əsas səbəbi Ermənistan hakimiyyətinin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir.

“Konkret olaraq, Zəngəzur dəhlizinin açılmasının təmin olunmaması və Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü şübhə altına alan müddəaların çıxarılmaması əsas problemlərdəndir. Prezident İlham Əliyevin ilk gündən irəli sürdüyü bu iki şərt beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Ermənistan bu şərtləri yerinə yetirsəydi, bölgədə dayanıqlı sülhün bərqərar olması mümkün olardı”, – deyə deputat bildirib.

Nəsib Məhəməliyev qeyd edib ki, son dövrlərdə Ermənistan hakimiyyətinin verdiyi bəyanatlar Paşinyan və komandasının Azərbaycanın yaratdığı yeni regional reallıqları qəbul etdiyini göstərir.

“Sərhədlərin delimitasiyası istiqamətində addımlar, vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı səfərləri, tranzit yüklərinin və neft məhsullarının satışı yekun sülh sazişinin yaxınlaşdığını göstərən mühüm siqnallardır. Lakin arxayınlaşmaq olmaz”, – deyə o vurğulayıb.

Deputat əlavə edib ki, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri regionun gələcək siyasi trayektoriyası baxımından xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, bu seçkilər eyni zamanda Qərblə Rusiya arasında Cənubi Qafqaza nəzarət uğrunda gedən geosiyasi rəqabətin bir hissəsidir.

“Ermənistan cəmiyyəti hazırda bir-birinə qarşı fərqli və ziddiyyətli mövqelərə malik iki hissəyə bölünüb. Əgər Rusiya tərəfindən dəstəklənən radikal millətçi müxalifət və kriminal Qarabağ klanı hakimiyyətə gələrsə, artıq sülh müqaviləsindən danışmaq mümkün olmayacaq. Əksinə, regionda gərginlik və yeni müharibə ehtimalı daha da artacaq”, – deyə deputat bildirib.

Nəsib Məhəməliyev sonda ümid etdiyini bildirib ki, erməni xalqı düzgün seçim edəcək və müharibəyə deyil, sülhə üstünlük verəcək.

“İnanıram ki, Ermənistan cəmiyyəti regionun gələcəyini nəzərə alaraq sülhə səs verəcək”, – deyə deputat əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki