image-1backend

Türk dünyası kosmosa çıxır: “Turan”ın peyki 2027-ci ildə orbitə göndəriləcək

image-ads-728x90

Türk dövlətləri kosmik elm və texnologiyalar sahəsində əməkdaşlığı genişləndirmək, qlobal miqyasda mövqelərini gücləndirmək məqsədilə bir sıra birgə layihələr həyata keçirməyə hazırlaşır. Bu təşəbbüslərin əsas istiqamətlərindən biri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində hazırlanmış TDT-SAT peykinin orbitə çıxarılmasıdır.

Korrekt.az TRT Haber-ə istinadən xəbər verir ki, TDT-nin Ankara sammitində qəbul edilən bəyannamədə kosmik əməkdaşlığa xüsusi yer ayrılıb. Sənəddə kosmik elm, texnologiya və innovasiya sahələrində tərəfdaşlığın gücləndirilməsi, beynəlxalq kosmik tədbirlər çərçivəsində “Türk Dünyası Kosmos Günləri”nin təşkili nəzərdə tutulur.

Bu istiqamətdə mühüm addımlardan biri TDT çərçivəsində hazırlanan 12U formatlı TDT-SAT CubeSat peykinin istehsal mərhələsinin başa çatdırılmasıdır. Hazırda peykin zəruri sınaqlarının keçirilməsi planlaşdırılır. Məqsəd onu 2027-ci ilin ikinci yarısında Qazaxıstandakı Baykonur Kosmodromundan orbitə göndərməkdir.

Bundan başqa, oktyabrın 6-da Antalyada imzalanmış “TDT çərçivəsində Kosmik Sənayedə Əməkdaşlıq Potensialının İnkişafı üzrə Birinci Çərçivə Sazişi” də bu sahədə əməkdaşlığın hüquqi və texniki əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım hesab olunur. Üzv dövlətlərin peykin orbitə buraxılması üçün zəruri hüquqi, tənzimləyici və texniki prosedurları sürətləndirməsi gözlənilir.

Türk dövlətlərinin kosmik sahədə əməkdaşlığı beynəlxalq tədbirlər vasitəsilə də genişlənir. Beynəlxalq Kosmik Konqresin 2023-cü ildə Azərbaycanda, bu il Türkiyədə keçirilməsi, 2028-ci ildə isə Özbəkistanda təşkili planlaşdırılır. Bu tədbirlərin türk dünyasının kosmik sənayedəki rolunun artırılmasına töhfə verəcəyi bildirilir.

Əməkdaşlığın digər istiqaməti gənclərin elm və texnologiyaya marağının artırılmasıdır. Türkiyə Kosmik Agentliyinin həyata keçirdiyi “Kosmik Tədqiqatçılar Türkiyə Kosmik Düşərgəsi” proqramının davam etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur. TEKNOFEST festivalı da türk dünyasının gənclərini aviasiya, kosmos və innovasiya sahələrində bir araya gətirən mühüm platformalardan biri kimi qiymətləndirilir.

Türk Texnologiya Komandası Fondunun İdarə Heyətinin sədri Elvan Kuzucu Hıdır Anadolu Agentliyinə açıqlamasında bildirib ki, fond türk dünyasında uşaqların və gənclərin elm və texnologiya sahəsində bilik və bacarıqlarının inkişafına xüsusi önəm verir.

Onun sözlərinə görə, Türkiyə ilə yanaşı, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr, Mavritaniya və Balkanlarda yaradılan elm mərkəzləri vasitəsilə gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində işlər aparılır. Hazırda yeddi ölkədə fəaliyyət göstərən 33 elm mərkəzi ümumilikdə 6,5 milyondan çox ziyarətçi qəbul edib.

Kuzucu Hıdır qeyd edib ki, məqsəd yalnız gənclərin texnoloji bacarıqlarını artırmaq deyil, həm də ölkələr arasında bilik və təcrübə mübadiləsini, birgə istehsal mədəniyyətini və davamlı əməkdaşlığı gücləndirməkdir.

Beləliklə, TDT çərçivəsində kosmik layihələr, ortaq peyk təşəbbüsü, elmi proqramlar və gənclər üçün texnologiya platformaları türk dövlətlərinin kosmos sahəsində daha sıx inteqrasiyasına zəmin yaradır. Bu proses “Turan” ideyasının elmi və texnoloji əməkdaşlıq müstəvisində yeni məzmun qazanması kimi də qiymətləndirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki