ABŞ prezidenti Donald Tramp İranla müharibənin gedişatına dair üç mümkün variantı nəzərdən keçirir: sülh sazişinin imzalanması, hərbi əməliyyatların bərpası və ya sərt iqtisadi təzyiqlərin davam etdirilməsi.
Bu barədə “Axios” nəşri Trampın açıqlamalarına və öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Ağ Ev rəhbəri hələlik tələsmədiyini bildirib.
“Hər necə olsa, addım atacağıq, amma tələsməyə ehtiyac yoxdur. İrana böyük maliyyə zərbəsi vurmuşuq. Pulsuz, benzinsiz qalıblar, xalqı bu vəziyyətdən çox yorulub… Danışıqlar aparırıq, hər şey qaydasındadır. Onlarla yeganə problem odur ki, bizi tələsdirirlər, lakin özləri yerində sayırlar”, – deyə Tramp vurğulayıb.
Ağ Evdə 3 fərqli düşərgə: Kim nəyi tələb edir?
Nəşrin mənbələri yazır ki, Trampın komandası bu məsələdə üç fərqli cəbhəyə bölünüb:
Saziş tərəfdarları: Vitse-prezident Cey Di Vens və xüsusi elçi Stiven Uitkof Trampı razılığa gəlməyə çağırırlar.
Onların fikrincə, müharibənin bərpası vəziyyəti dəyişməyə bilər. Məlumata görə, Körfəz ölkələrinin əksəriyyəti də bu mövqeni dəstəkləyir.
Hərbi zərbə tərəfdarları: İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ-nin müdafiə naziri Pit Heqset hərbi əməliyyatların yenidən başlanmasını tələb edirlər. Onlar iddia edirlər ki, İrana etibar etmək olmaz və məsələ yalnız hərbi yolla həll olunmalıdır.
İqtisadi təzyiq tərəfdarları: Maliyyə naziri Skott Bessent, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff və dövlət katibi Marko Rubio Trampa “nə müharibə, nə saziş” formulunu qorumağı və iqtisadi təzyiqləri artırmağı məsləhət görürlər.
Ratkliff bildirib ki, uzun sürən iqtisadi böhran İranı ya güzəştlərə məcbur edəcək, ya də ölkədə xalq qiyamına səbəb olacaq.
Açqılamasından bir neçə saat sonra Donald Tramp “Truth Social” hesabında neft qiymətlərinin kəskin ucuzlaşmasına diqqət çəkib: “Bu, REKORD-dur, çünki insanlar İranla müharibənin olmayacağını hiss edirlər. İran bir an əvvəl razılığa gəlmək istəyir. Bu, baş verə bilər”.
Noyabrın 2-də Cey Di Vens də jurnalistlərə müəyyən irəliləyişin olduğunu bildirib: “Zərbələrin bərpası üçün dəqiq vaxt təyin etməmişik. Başlıca məqsədimiz iranlıların nüvə proqramını bərpa etməyəcəyinə əmin olmaqdır”.
Xatırladaq ki, “The New York Times” ABŞ və İsrailin hərbi idarələrinin İrana qarşı yeni zərbə planları hazırladığını yazıb. Tramp isə oktyabrın sonunda Tehrana müraciət edərək “qərar vaxtının çatdığını” bəyan edib.





















