Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi üçün referendumun keçirilməsi məsələsi yenidən siyasi müzakirələrin mərkəzindədir. Hakimiyyət parlamentdə referendum qərarının qəbul edilməsinə nail olmaq məqsədilə müxalifətlə “anlaşma, yaxud təzyiq” də daxil olmaqla müxtəlif yollardan istifadə edəcəyini açıq şəkildə bəyan edir, müxalifət isə geri addım atmaq niyyətində deyil. Mövcud vəziyyət konstitusiya məsələsinin Ermənistan siyasətində yeni böhrana çevriləcəyi proqnozlarını ön plana çıxarır.
Yeni konstitusiya Paşinyana niyə lazımdır?
Konstitusiyanın dəyişdirilməsi 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra aktuallaşıb. Paşinyanın komandası 1995-ci ildə qəbul edilmiş, 2015-ci ildə yenilənmiş konstitusiyanı keçmiş iqtidarın qalığı hesab edir və hakimiyyətin güclənməsi üçün yenisinə ehtiyacın olduğunu düşünür. Çünki mövcud konstitusiyaya görə, baş nazirin bir sıra təyinatları, xüsusilə orduda yüksək rütbəli vəzifəlilərlə bağlı qərarları yalnız prezidentin istəyi ilə qəbul edilə bilər. Prezident ya baş nazirdən gələn təqdimatı qəbul edir, ya da məsələni Konstitusiya Məhkəməsinə həvalə edir. Paşinyan bunu hakimiyyəti üçün təhlükə hesab edir.
2021-ci ildə baş qərargah rəisi Onik Qasparyanla bağlı məsələ bu təhlükənin reallığını gündəmə gətirdi. Müharibədən məğlub çıxan Ermənistanda həmin vaxt ciddi ictimai-siyasi böhran yaranmışdı, xüsusilə ordunun hakimiyyəti devirməsi iddiaları vardı. Baş nazir hərbçilərin iştirakı ilə “siyasi qiyam” təşkil etməkdə ittiham olunan baş qərargah rəisini dəyişdirmək üçün prezidentə təqdimat verdi. Həmin vaxt prezident olan Armen Sarkisyan bunu təsdiqləməkdən imtina edərək, işi Konstitusiya Məhkəməsinə göndərdi. Məhkəmənin hakimləri də baş nazirin qərarının icrasına qarşı çıxdılar. Bu qarşıdurmadan Paşinyan qalib çıxsa da, praktikada mövcud konstitusiyanın riskləri ilə üz-üzə qaldı.
Konstitusiya təkcə daxili müstəvidə yox, Azərbaycanla sülh prosesində də risklər yaradır. Çünki Qarabağ iddiasının Ermənistanın konstitusiyasında əks olunması sülh prosesinə maneədir və müharibədən sonra başlanan danışıqlarda əsas müzakirə mövzularından biri bu olub.
Ermənistanın ana qanunu davamlı sülhü təhlükəyə atır
1995-ci ildə qəbul edilmiş konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edilir. Qeyd olunur ki, “dövlətin vəzifəsi 1990-cı ildə qəbul edilən Müstəqillik Bəyannaməsinin tələblərini yerinə yetirməkdir”. 12 bənddən ibarət olan Müstəqillik Bəyannaməsində isə Qarabağın Ermənistana “birləşməsi” – qondarma “miatsum” qərarının yerinə yetirilməsi əks olunur.
Bu, Qarabağın işğalının Ermənistan dövlətinin vəzifəsi olaraq müəyyən edilməsi deməkdir.
Azərbaycan haqlı olaraq, bu iddialar konstitusiyadan çıxarılmadan yekun sülh sazişinin imzalanmasını qeyri-mümkün hesab edir. Bakının mövqeyi belədir ki, ərazi iddiaları hüquqi müstəvidə ləğv edilmədən imzalanacaq sülh sazişi davamlı ola bilməz. Çünki Ermənistanda mümkün hakimiyyət dəyişikliyi ssenarisində Qarabağ iddiası təkrarlana bilər. Revanşistlər yenidən hakimiyyətə gələrsə, Azərbaycanla imzalanmış sülh sazişini yox, konstitusiyanın tələbini əsas götürəcəklər. Parlament seçkilərindən öncə revanşist qüvvələrin “Azərbaycanla müzakirə edilən sülh sazişinə yenidən baxacağıq” vədləri də bunu deməyə əsas verir.
Bu baxımdan, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılması yekun sülh sazişinin əsas şərti olaraq qalır.
Yeni konstitusiyanın mətni hazırlanır
Paşinyan hakimiyyəti əvvəlcə mövcud konstitusiyanı sülh sazişi üçün maneə hesab etmir, bunu “tərəflərin daxili qanunvericiliyi ratifikasiya olunacaq sazişi poza bilməz” arqumenti ilə əsaslandırırdı. Daha sonra Bakının prinsipial mövqeyi ilə mövcud konstitusiyadan imtina etmək qərarına gəldi və 2024-cü ilin iyulunda Konstitusiya İslahatları Şurasına 2026-cı ilin 30 dekabr tarixinə qədər yeni konstitusiya layihəsini hazırlamaq tapşırığı verdi.
Azərbaycan və Ermənistan liderlərinin 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə imzaladığı Birgə Bəyannamədə də konstitusiya məsələsi birbaşa olmasa da, dolayısı yolla əks olunur. Sənəddə qeyd olunur ki, “biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik”. Burada “əlavə tədbirlər” Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi şərh edilir.
Baş tutmayan seçki planı
2026-cı ilin dekabr ayının sonuna qədər yeni konttitusiya layihəsinin hazırlanması tapşırığını verən Paşinyanın planı 7 iyun parlament seçkilərində qalib gəlmək, ardınca referendum keçirmək idi. Seçkidən öncə erməni baş nazir bunu açıq şəkildə dilə gətirmişdi. Lakin seçkinin nəticələri fərqli oldu: Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” 64, Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” 29, Robert Koçaryanın “Ermənistan ittifaqı” isə 12 mandat əldə etdi.
Bu nəticə hakim “Mülki müqavilə” partiyasına hökuməti təkbaşına formalaşdırmaq imkanı versə də, konstitusiya çoxluğunu təmin etmədi. Konstitusiya çoxluğu üçün parlamentin 2/3 hissəsi – 70 mandat lazımdır. Bu halda hakimiyyət yeni konstitusiya layihəsini parlamentin müzakirəsinə çıxara bilir, lakin referendumun keçirilməsi qərarını qəbul etdirmək çətindir. Paşinyanın komandası parlamentdə referendum qərarının qəbul edilməsi üçün ya əks-düşərgədəki 6 deputatı öz tərəfinə çəkməli və lazım olan 70 səslə məsələni həll etməlidir, ya da müxalifətlə konsensusa gəlməlidir. Hər iki variant kifayət qədər çətin görünür.
Yeni konstitusiyanın qəbul edilməməsi isə Ermənistan üçün ciddi risklər vəd edir.
1. Paşinyan hakimiyyətinə yarana biləcək mümkün riskləri aradan qaldıra bilmir;
2. Azərbaycanla yekun sülh sazişinin imzalanması sual altına düşür ki, bu, Ermənistan üçün bölgədə siyasi və iqtisadi təzyiqlərin davam etməsi deməkdir.
Paşinyanın yeni planı nədir?
Ermənistanın baş naziri bildirib ki, yeni konstitusiya layihəsi bu ayın sonuna qədər dərc ediləcək. Lakin parlament müxalifəti konstitusiya layihəsinin referenduma çıxarılmasına səs verməyəcəklərini deyirlər. Bu, layihənin kağız üzərində qala biləcəyini deməkdir, amma Paşinyan vəziyyətlə barışmaq niyyətində deyil. Oktyabrın 29-da keçirdiyi birifinqdə Paşinyan bəyan etdi ki, müxalifət yeni konstitusiyanın əleyhinə səs verəcəksə, hakimiyyət onlara qarşı ictimai təzyiq yaradacaq. O, bunun necə baş verəcəyinin detallarını açıqlamasa da, bildirib ki, çox qəribə bir şey baş olacaq.
“Adətən müxalifət parlamentin qarşısında nümayişlər keçirir, amma bu dəfə hökumət aksiya keçirə bilər. Buna bənzər hadisə 2019-cu ilin oktyabrında baş verib və xalq onlardan lehinə səs vermələrini tələb edib. Bu dəfə də eyni hal yaşana bilər”, – o qeyd edib.
Noyabrın 2-də Ermənistan parlamentində büdcə müzakirələri zamanı da Paşinyan məsələni daha detallı şəkildə gündəmə gətirib. Bildirib ki, hökumətin qarşısında ən vacib vəzifə Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiya edilməsidir. O, müxalifətin Ermənistan-Azərbaycan sülhü və yeni konstitusiya ilə bağlı suallarının qanuni olduğunu deyib və qeyd edib ki, hökumət bu suallara aydınlıq gətirəcək.
“Suallar belədir: yeni konstitusiyanın qəbul edilməsi Azərbaycanla sülh müqaviləsinin imzalanacağı deməkdir? İmzalanan müqavilə hərtərəfli sülhün olacağı deməkdirmi və bu, Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə artıq münaqişə gündəliyinin olmayacağı deməkdir? Hakimiyyət bu və digər suallara aydın və inandırıcı cavab verərsə, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti yeni konstitusiyanın lehinə səs verəcək. Əgər bu suallara aydın şəkildə verəcəyimiz müsbət cavablardan sonra da parlament müxalifəti yeni konstitusiyanın qəbulunu bloklamağa çalışsa, bu o deməkdir ki, onlar Azərbaycanla hərtərəfli sülhə qarşı çıxırlar. Bu halda müxalifətə qarşı ictimai təzyiq yaradılacaq”, – erməni baş nazir vurğulayıb.
Müxalifət isə təzyiqi qeyri-qanuni hesab edir və geri çəkilməyəcəklərini bildirir.
Konstitusiya məsələsinin Ermənistan siyasətində kəskin qarşıdurmaya yol açacağı aydın görünür. Yeni konstitusiya layihəsinin dərc edilməsində sonra hakimiyyət bunu parlamentin müzakirəsinə çıxaracaq, müxalifət əleyhinə səs verəcəksə, o zaman, Paşinyanın anonsunu verdiyi ictimai təzyiq taktikası işə salınacaq. Bu taktika da işə yaramasa, Ermənistanda erkən parlament seçkilərinin keçirilməsi istisna edilməməlidir.AzPolitika.info





















