image-1backend

Qubada nə baş verir ?- Sahibkarlar niyə icra başçısından narazıdır?   

image-ads-728x90

Hesablama Palatasının 2024–2025-ci illərdə yol təmiri layihələrinə ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı apardığı təhlil Quba Rayon İcra Hakimiyyətini də əhatə edib. Araşdırma çərçivəsində 14 yerli icra hakimiyyəti orqanında maliyyə və satınalma prosedurları, görülmüş işlərin dəyəri və mühasibat uçotu məsələləri nəzərdən keçirilib.

Palatanın açıqladığı ümumi nəticələrə əsasən, 14 qurum üzrə podratçılara 1 milyon 78 min 610,9 manat artıq ödəniş edilib. Bundan başqa, ümumi dəyəri təxminən 23,98 milyon manat olan yol aktivlərinin mühasibat uçotunda əks etdirilmədiyi müəyyənləşdirilib. Artıq ödənilmiş vəsaitin dövlət büdcəsinə tam bərpa edildiyi bildirilib.

Qeyd edək ki, bu rəqəmlər 14 icra hakimiyyəti üzrə ümumi göstəricilərdir. Nədənsə Hesablama Palatası rayonlar üzrə statistikanı açıqlamayıb.

Amma görünən odur ki, Azərbaycanın turizm bölgəsi hesab edilən, turistlərin daha çox axın etdiyi Qubada da problemlər yetərincədir.

Mütamadi olaraq Qubada narazılıqlarla bağlı sosial şəbəkələrdə, media subyeklərində informasiyalar yayılır.

Qubada əsas  diqqət çəkən  məsələ sözsüz ki, sahibkarların yerli icra hakimiyyətinin fəaliyyəti ilə bağlı şikayətləridir.

Faktinfo.az saytında dərc olunan, “Hürriyyət” qəzetinə ünvanlanmış müraciətdə Quba sakini, sahibkar və layihəçi təşkilatın rəhbəri Habil Fərzəliyev icra başçısı İlqar Mahmudovun fəaliyyətindən narazılığını ifadə edib.

Şikayətçinin iddiasına görə, İlqar Mahmudov vəzifəyə təyin olunduqdan sonra rayonda qeyri-yaşayış təyinatlı obyektlərin tikintisi ilə bağlı sahibkarların müraciətlərinə müsbət cavab vermir.  Fərzəliyev yüzlərlə sahibkarın tikinti fəaliyyəti ilə bağlı maneələrlə üzləşdiyini bildirib.

O, həmçinin bəzi obyektlərin istismara verilməsi və fərdi evlərin texniki pasportlaşdırılması ilə bağlı problemlərin olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, bu məsələlər sakinlərin və sahibkarların fəaliyyətinə mənfi təsir göstərir.

Şikayətçi həmçinin qeyd edib ki, onların müraciətləri geri qaytarılsa da Qubada genişmiqyaslı tikintilər davam edir. Bu tikintilər kimlərin əli ilə sənədləşdirilir, kimlər bu tikintiyə icazə verir? Bu suallara Quba rayon icra Hakimiyyətinə ünvanladığımız sorguda cavab gözləyirik.

Qeyd edək ki, İlqar Mahmudov bu rayona 31 avqust 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə icra başçısı təyin edilib.

İlqar  Mahmudov uzun müddət sabiq təhsil naziri Misir Mərdanovun köməkçisi olub. Daha sonra Bakı Humanitar Kollecinin direktoru, Təhsil Nazirliyində müxtəlif rəhbər vəzifələrin sahibi olub. Quba icra başçısı təyin olunmazdan əvvəl isə Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Prezident İlham Əliyev dəfələrlə məmurları sahibkarlara dəstək göstərməyə, biznes fəaliyyətinə süni maneələr yaratmamağa və vətəndaşların müraciətlərinə həssas yanaşmağa çağırıb.

Quba Rayon İcra Hakimiyyəti aşağıdakı suallara aydınlıq gətirməlidir: sahibkarların tikinti və istismar icazələri ilə bağlı müraciətlərinə hansı qaydada baxılır, şikayətlərin sayı nə qədərdir və Hesablama Palatasının təhlilində Quba üzrə hansı konkret nöqsanlar müəyyən edilib?

Bütün bu suallara yəqin ki, Quba rayon İcra Hakimiyyəti cavab verəcək…vətəninfo.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki