Səudiyyə Ərəbistanının təşəbbüsü ilə beynəlxalq gəmiçiliyin qorunması üçün çoxmillətli dəniz müdafiə koalisiyası yaratmaq məqsədilə Ər-Riyadda 43 ölkənin baş qərargah rəisləri və hərbi nümayəndələrinin görüşü keçirilib. Korrekt.az xəbər verir, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat verib.
Bəyanata görə, görüşdə 43 ölkədən baş qərargah rəisləri və onların nümayəndələri, eləcə də Avropa İttifaqından nümayəndə heyəti iştirak edib. Ümumilikdə 51 dövlətin və beynəlxalq təşkilatın nümayəndələrinə dəvətnamələr göndərilib. İştirakçıların bəziləri görüşə şəxsən, digərləri isə videokonfrans vasitəsilə qatılıblar. Nazirliyin məlumatına görə, iştirakçılar gəmiçiliyin təhlükəsizliyinə, qlobal təchizat zəncirlərinin sabitliyinə və qlobal iqtisadiyyata təhdid yaradan “ticarət gəmilərinə, enerji daşıyıcılarına, tankerlərə və dəniz infrastrukturuna hücumlar da daxil olmaqla dəniz təhlükəsizliyinə artan riskləri” müzakirə ediblər. Bundan əlavə, görüşdə gələcək koalisiyanın nizamnaməsinin layihəsi, onun təşkilati strukturu, komandanlıq və nəzarət sistemi, iş mexanizmləri və sonrakı formalaşma mərhələləri nəzərdən keçirilib. Koalisiyanın Bab əl-Məndəb boğazında, Qırmızı dənizdə və Ədən körfəzində fəaliyyət göstərməsi planlaşdırılır. İştirakçılar həmçinin təşəbbüsün təsis müddəalarını da müzakirə ediblər. Bu müddəalara əsasən, Səudiyyə Ərəbistanı koalisiyanın təsisçisi və lideri olacaq, eləcə də qərargahı onun ərazisində yerləşəcək.
Görüşün nəticəsi olaraq, hərbi nümayəndələr koalisiyanın yaradılması üzrə işləri davam etdirmək, o cümlədən onun nizamnaməsinin, təşkilati strukturunun və fəaliyyət mexanizmlərinin hazırlanmasını başa çatdırmaq barədə razılığa gəliblər ki, gələcəkdə təsis sənədi imzalana və birlik rəsmi olaraq fəaliyyətə başlaya bilsin. Layihəni dəstəkləyən birgə bəyanat 14 dövlət tərəfindən imzalanıb: Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya, Yəmən, Banqladeş, Nigeriya, Sudan, Cibuti və Somali. Eyni zamanda, nazirlik bir sıra digər ölkələrin də “təşəbbüsü dəstəklədiklərini və birgə bəyanata qoşulmaq üçün daxili prosedurları davam etdirdiklərini” vurğulayıb.





















