image-1backend

Ərdoğan: Onlar insanlığa qarşı cinayətlər törədir

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili Livana qarşı həyata keçirdiyi hücumlara görə sərt tənqid edərək, onun insanlığa qarşı cinayətlər törətdiyini bəyan edib.

Korrekt.az xəbər verir ki, Ərdoğan bu fikirləri Livan Prezidenti Cozef Aun ilə Ankarada Prezident Sarayında keçirdiyi təkbətək görüşdən və nümayəndə heyətlərinin iştirakı ilə baş tutan danışıqlardan sonra təşkil olunan birgə mətbuat konfransında səsləndirib.

Türkiyə Prezidenti bildirib ki, Livandan son 17 ildə dövlət başçısı səviyyəsində Türkiyəyə ilk rəsmi səfərin həyata keçirilməsi iki ölkə münasibətlərində mühüm hadisədir. O, Prezident Cozef Aunun ölkəsində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə Livanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edir. Onun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, İsrailin Livanın cənubunda davam edən hərbi əməliyyatları və regiondakı son vəziyyət geniş müzakirə olunub.

Türkiyə lideri bildirib ki, Livan uzun illərdir regional qarşıdurmaların mənfi təsirlərinə məruz qalır və ölkədə sabitliyin bərpası həm region, həm də beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Ərdoğan vurğulayıb ki, Ankara Livanın dövlət institutlarının gücləndirilməsi, humanitar və texniki dəstəyin davam etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. O, həmçinin Livan ilə Suriya arasında inkişaf edən dialoqu müsbət qiymətləndirdiklərini və iki ölkə arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazır olduqlarını bildirib.

Türkiyə Prezidenti BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatının başa çatmasının mühüm mərhələ olacağını qeyd edərək, beynəlxalq qüvvələrin bölgədən çıxmasından sonra Türkiyənin Livanın təhlükəsizliyinin təmin olunmasına yönəlmiş beynəlxalq təşəbbüslərdə iştirak etməyə hazır olduğunu deyib. O əlavə edib ki, Livan Silahlı Qüvvələrinə göstərilən dəstək də davam etdiriləcək.

Ərdoğan İsrailin Livana qarşı hücumlarının ağır humanitar nəticələrə səbəb olduğunu bildirərək deyib: “İsrail insanlığa qarşı cinayətlər törədir”. Onun sözlərinə görə, hücumlar nəticəsində 4300-dən çox insan həlak olub, 2 mindən artıq şəxs yaralanıb, təxminən 1 milyon nəfər isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Türkiyə Prezidenti qeyd edib ki, Ankara münaqişənin ilk günündən İsrailin hücumlarına ən sərt reaksiya verən ölkələrdən biri olub və diplomatik səylərlə işğala son qoyulmasını dəstəkləyir. O, həmçinin Türkiyənin İsrail hücumlarından ciddi zərər görmüş Cənubi Livanın bərpasına hərtərəfli dəstək verməyə hazır olduğunu vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki