Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda sosial mənzillərin kirayəyə verilməsi, şəhərsalma və “Terrorsuz Türkiyə” prosesi ilə bağlı mühüm açıqlamalar verib.
Korrekt.az xəbər verir ki, Ərdoğan İstanbulda sosial mənzillərin sentyabr ayından etibarən kirayəyə verilməsinə başlanacağını bildirib.
“Vətəndaşlardan müraciətləri qəbul edəcəyik və notariusun iştirakı ilə keçiriləcək püşkatma nəticəsində hüquq sahiblərini müəyyənləşdirəcəyik. Kirayə müqavilələri 3 illik olacaq. Bu dövriyyə vasitəsilə ehtiyacı olan vətəndaşlarımızın rahat nəfəs almasına imkan yaradacağıq”, – Türkiyə Prezidenti deyib.
Ərdoğan İstanbulun daha təhlükəsiz şəhərə çevrilməsi istiqamətində görülən işlərdən də danışıb:
“İstanbulun bina fondunun möhkəmləndirilməsi siyasətdən daha çox hamımız üçün milli təhlükəsizlik məsələsidir. Hazırda hakimiyyət olaraq həyata keçirdiyimiz hər iki şəhərsalma transformasiyası layihəsindən biri İstanbulun payına düşür. Riskli binaları sürətlə yeniləyirik”.
Türkiyə Prezidenti çıxışında “Terrorsuz Türkiyə” prosesinə də toxunub. Onun sözlərinə görə, 40 ildir ölkənin resurslarını və sərvətlərini tükədən, on minlərlə insanın həyatına başa gələn terror probleminin həlli ilə bağlı cəmiyyətdə ciddi gözləntilər var.
“Bu prosesi sui-istifadə etmək istəyənlərə fürsət verməyəcəyik. Terrorsuz Türkiyəni hədəfinə çatdıracağıq”, – Ərdoğan bildirib.
Prezident proseslə bağlı hazırlıqların tamamlandığını vurğulayıb:
“Qanunvericilik dəyişikliklərinin parlamentin gündəliyinə gəlməsi ilə prosesin sürətlənəcəyinə ümid edirik. Məqsədimiz terror maneəsini aradan qaldıraraq Türkiyəni qardaşlıq, birlik və bütövlük içində gələcəyə hazırlamaqdır”.Musavat.com





















