Tanınmış telejurnalist Nigar Sabirqızı yaşadığı ərazidə gecə saatlarında aparılan tikinti işlərindən narazılığını ifadə edib.
Korrekt.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşdığı videoda Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən tikinti sahəsində gecə saatlarında səs-küylü işlərin davam etdirildiyini bildirib.
Onun sözlərinə görə, gecə saat 3 olmasına baxmayaraq tikinti işləri dayandırılmayıb və bu da ətrafda yaşayan sakinlərin istirahətinə ciddi maneə yaradır.
Nigar Sabirqızı paylaşımında tikinti şirkətini qanunlara və sakinlərin hüquqlarına məhəl qoymamaqda ittiham edib:
“Gecə saat 3 və yenə də “Avant” sakinlərə yatmağa imkan vermir. Bu işi bir az sakit görmək olmaz? Əlbəttə, olar. Amma bunlara elə şərait yaradıblar ki, heç kimi düşünmürlər. Ətrafdakıları düşünmək üçün ən başlıcası insanlıq lazımdır. Bunlarda nə insanlıq var, nə mədəniyyət, nə də qanuna hörmət. “Avant”ın növbəti dəfə qanunu heçə saymağını bir daha nəzərinizə çatdırıram”.
Qeyd edək ki, yaşayış məntəqələrində gecə saatlarında səs-küylə müşayiət olunan tikinti işlərinin aparılması sakinlərin tez-tez narazılığına səbəb olur. Telejurnalistin paylaşımı da sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.





















