image-1backend

 GoTürkiye layihələri US International Awards 2026-da beynəlxalq uğur qazandı -FOTOLAR

image-ads-728x90

Turizm istiqamətlərinin tanıtımına kino dili və orijinal rəqəmsal layihələrlə yeni yanaşma gətirən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyi (TGA) GoTürkiye brendi vasitəsilə ölkəni ənənəvi turizm kampaniyalarından fərqli formatda dünyaya təqdim etməyə davam edir. Agentliyin hazırladığı layihələr Türkiyənin zəngin turizm imkanlarını, mədəni irsini və dinamik həyat tərzini təsirli hekayələr vasitəsilə qlobal auditoriyaya çatdırır. Bu yaradıcı yanaşma beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki, So Turkish, Go Turkish kampaniya filmi, eləcə də Antalya Gambit və İstanbul My Love mini-serialları yaradıcılıq və kommunikasiya sahəsində dünyanın nüfuzlu müsabiqələrindən biri olan US International Awards 2026 mükafatında ən yüksək mükafatlara layiq görülüb.

Türk seriallarının dünya miqyasında qazandığı uğurdan ilhamlanan GoTürkiye layihələri kino üslubunda qurulan hekayələri turizm tanıtımı ilə birləşdirərək Türkiyənin mədəniyyətini, turizm təcrübələrini və həyat tərzini cəlbedici süjetlər vasitəsilə təqdim edir. Məhz bu innovativ yanaşma US International Awards 2026-da böyük uğur qazanıb. GoTürkiye layihələri korporativ videolar, onlayn media, sənədli və müstəqil filmlər üzrə keçirilən müsabiqədə 25 ölkədən 100-dən çox finalçı arasında seçilərək ən yüksək mükafatlara layiq görülüb.

“So Turkish, Go Turkish” – ən yüksək mükafata layiq görülən kampaniya filmi
GoTürkiye-nin ən böyük uğurlarından biri olan “So Turkish, Go Turkish” filmi müsabiqənin “Korporativ Videolar – Ölkə Tanıtımı” kateqoriyasında Gümüş mükafata layiq görülüb. 2026-cı ildə bu kateqoriya üzrə Qızıl mükafat təqdim edilmədiyi üçün film öz kateqoriyasında ən yüksək mükafatı qazanmış hesab olunur.
TGA və Türk Hava Yollarının birgə ərsəyə gətirdiyi “So Turkish, Go Turkish” filmi Türkiyənin zəngin mədəni irsini, möhtəşəm təbiətini və dinamik atmosferini təsirli hekayəçilik vasitəsilə təqdim edir. “So Turkish” şüarı üzərində qurulan film Ayasofyanın möhtəşəmliyi, Kapadokyanın valehedici hava şarları, Egey sahillərində uzun süfrələr ətrafında keçirilən səmimi məclislər və Bosforun özünəməxsus cazibəsi kimi Türkiyəyə xas təcrübələri ön plana çıxarır.

Türkiyə gələcəkdə də bu cür qlobal kampaniya filmlərinin sayını artıraraq, ölkənin sonsuz turizm imkanlarını əsas hədəf bazarlardakı auditoriyaya ən təsirli şəkildə çatdırmağı hədəfləyir.

GoTürkiye mini-serialları: Hekayələrin turizm istiqamətləri ilə qovuşduğu layihələr
Kino keyfiyyətində istehsal olunan və təsirli süjet xətti ilə seçilən GoTürkiye mini-serialları platformanın turizm istiqamətlərinin tanıdılması sahəsində tətbiq etdiyi innovativ strategiyanın yeni mərhələsini təşkil edir. Əyləncə məzmunlu hekayəçilik yanaşması ilə qlobal auditoriyanı cəlb edən layihə bu günədək təqdim olunan beş mini-serialı ilə beynəlxalq rəqəmsal platformalarda 7,69 milyard reklam nümayişi və 4,4 milyard baxış əldə edib. Bu uğurun davamı olaraq platforma bu yaxınlarda altıncı mini-serialı – Turquoise Summer layihəsini təqdim edib.

GoTürkiye mini-serialları US International Awards 2026 müsabiqəsində də beynəlxalq uğur qazanıb. Seriyanın ilk layihəsi olan Antalya Gambit “Onlayn və Sosial Media – Şəhər Tanıtımı” kateqoriyasında Gümüş mükafata layiq görülüb. İstanbulun dinamik ruhunu və romantik atmosferini əks etdirən İstanbul My Love isə eyni kateqoriyada Finalçı mükafatı ilə təltif olunub.

“Antalya Gambit” detektiv elementləri, dramatik süjet xətti və güclü vizual həlləri bir araya gətirən iddialı kino layihəsidir. Sənət kuratoru Lara və sirli memar Deniz ətrafında inkişaf edən hekayə izləyiciləri Türkiyə Rivyerasının ürəyi sayılan Antalyaya aparır. Türkiyənin cənub sahillərinin ən məşhur istirahət məkanlarından biri olan Antalya möhtəşəm təbiəti, firuzəyi sahilləri, mülayim iqlimi, Türk mətbəxinin Aralıq dənizi ləzzətləri və zəngin tarixi-mədəni irsi ilə diqqət çəkir. Hər biri iki dəqiqə davam edən on kino üslublu bölümdə firuzəyi körfəzlərdən dəbdəbəli kurortlara, qədim abidələrdən şəhərin canlı həyatına qədər Antalyanın fərqli simaları nümayiş etdirilir və şəhərə beynəlxalq maraq daha da artırılır.

“İstanbul My Love” isə Türkiyənin dinamik metropolisi olan İstanbulu sadəcə fon deyil, hekayənin əsas qəhrəmanlarından birinə çevirir. Şəhərin enerjisini romantik süjetlə birləşdirən serial gənc və istedadlı İstanbul adlı qadınla uğurlu iş adamı Tanın əsl sevgini tapmaq yolunda yaşadıqları hadisələrdən bəhs edir. Hər bölümdə Çırağan Sarayından Galataporta, Bosfordan Beyoğluna qədər İstanbulun ən məşhur məkanlarını ekrana gətirən layihə turizm tanıtımını tamaşaçının özünü hadisələrin içində hiss etdiyi fərqli bir təcrübəyə çevirir.

image-00f506f6-f8bb-4ad8-b147-44e75c37df44 image-1 image-2



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki