Azərbaycanın müstəqillik tarixində müxtəlif dövrlərdə yüksək vəzifəli məmurların, generalların, bank rəhbərlərinin, deputatların, icra başçılarının və diplomatik korpusun tanınmış nümayəndələrinin həbsi ölkənin hüquq sistemi və siyasi həyatında ən çox rezonans doğuran hadisələrdən olub. Bir vaxtlar dövlət idarəçiliyinin ən yüksək pillələrində qərarlar qəbul edən, milyonlarla manatlıq layihələrə rəhbərlik edən, beynəlxalq səviyyədə Azərbaycanı təmsil edən, ölkə rayonlarının rəhbərliyi etibar olunan bu şəxslər sonradan cinayət məsuliyyətinə cəlb edilərək uzunmüddətli həbs cəzaları alıblar. Onların bəziləri illərlə toxunulmaz hesab olunurdu. Kimisi Prezident Administrasiyasının rəhbəri, digəri ölkənin baş prokuroru olub, kimisi dövlətin ən böyük bankını idarə edib, kimisi isə təhlükəsizlik sistemində general rütbəsinə qədər yüksəlib. Lakin müxtəlif dövrlərdə aparılan istintaqlar, Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları və məhkəmə araşdırmaları nəticəsində həmin şəxslər haqqında ağır ittihamlar irəli sürülüb və məhkəmələr tərəfindən hökm çıxarılıb.
Bu araşdırmada icra başçılarının həyat yoluna, karyerasına, yüksəlişinə, cinayət işlərinin başlanmasına, məhkəmə proseslərinə və hazırkı hüquqi statuslarına nəzər salır.
2020-ci ilin 5 may səhəri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı bir neçə dəqiqəlik videogörüntü Azərbaycan cəmiyyətində uzun müddət müzakirə olunan hadisələrdən birinə çevrildi. Videoda İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olan xüsusi təyinatlı əməkdaşlar, xidməti otaqlarda aparılan axtarışlar, seyflərdən çıxarılan pul bağlamaları və sənədlər əks olunurdu.
Həmin gün saxlanılan şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev idi. Onun həbsi təkcə bir rayon rəhbərinin məsuliyyətə cəlb olunması deyildi. Bu əməliyyat sonradan Neftçala, Biləsuvar, Kürdəmir, Ağstala və digər rayonlarda keçiriləcək oxşar əməliyyatların başlanğıcı oldu. Bir çox müşahidəçilər həmin prosesi Azərbaycanda yerli icra hakimiyyəti sistemində ən geniş antikorrupsiya kampaniyası kimi qiymətləndirdi.
Vilyam Hacıyev uzun illər dövlət idarəçiliyi sistemində çalışmışdı. O, müxtəlif dövlət qurumlarında və yerli icra strukturlarında vəzifələr tutduqdan sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
İmişli Azərbaycanın iri aqrar rayonlarından biridir. Taxılçılıq, pambıqçılıq, heyvandarlıq və meliorasiya layihələri rayon iqtisadiyyatının əsas istiqamətlərini təşkil edir. Dövlət büdcəsindən hər il kənd təsərrüfatı, yol infrastrukturu, suvarma sistemləri və sosial obyektlərin tikintisi üçün milyonlarla manat vəsait ayrılırdı. İstintaq orqanlarının qənaətinə görə, məhz bu maliyyə axınları sonradan cinayət işinin əsas predmetlərindən birinə çevrildi.
2020-ci ilin yazında DTX tərəfindən uzun müddət aparılan operativ tədbirlər yekun mərhələyə çatdı. Mayın 5-də İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında eyni vaxtda bir neçə xidməti otaqda axtarış aparıldı.
Rəsmi məlumata görə, əməliyyat zamanı Vilyam Hacıyev və icra hakimiyyətinin bir neçə vəzifəli əməkdaşı saxlanıldı. Axtarış zamanı nağd pul, maliyyə sənədləri, müxtəlif qeydlər və elektron məlumat daşıyıcıları götürüldü. Sonradan yayımlanan videogörüntülərdə seyflərdən çıxarılan iri məbləğdə pul bağlamaları ictimaiyyətin diqqətini xüsusilə cəlb etdi.
DTX-nin məlumatına əsasən, istintaq uzun müddət aparılmış operativ müşahidə və sübutların toplanması nəticəsində başlanmışdı.
Baş Prokurorluğun və DTX-nin birgə açıqlamalarına görə, Vilyam Hacıyevə qarşı irəli sürülən ittihamlar bir neçə istiqaməti əhatə edirdi.
İstintaqın versiyasına görə, rayon ərazisində fəaliyyət göstərən sahibkarlar müxtəlif bəhanələrlə mütəmadi olaraq qanunsuz ödənişlər etməyə məcbur edilirdi. Ticarət obyektlərinin fəaliyyəti, tikinti işlərinə razılıq verilməsi, torpaq ayrılması, dövlət sifarişlərinin icrası və digər inzibati məsələlər qeyri-rəsmi ödəniş mexanizmləri ilə müşayiət olunurdu.
Bundan başqa, ittihama görə, dövlət büdcəsindən ayrılan bəzi vəsaitlərin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən şəxsi maraqlar naminə istifadə və digər korrupsiya xarakterli əməllər də cinayət işinin tərkib hissəsini təşkil edirdi.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslər aylarla davam etdi.
İttiham tərəfi çoxsaylı şahid və zərərçəkmişlərin ifadələrini təqdim etdi. Məhkəmədə sahibkarlar müxtəlif dövrlərdə icra hakimiyyətinə pul ödədiklərini iddia edir, bəzi şahidlər isə dövlət sifarişlərinin həyata keçirilməsi zamanı qeyri-rəsmi ödənişlər tələb olunduğunu bildirirdilər.
Müdafiə tərəfi isə ittihamların böyük hissəsini qəbul etmədi. Vilyam Hacıyev özünü təqsirli bilmədiyini bildirdi və irəli sürülən ittihamların əsassız olduğunu dedi.
Proses zamanı maliyyə sənədləri, bank əməliyyatları, ekspert rəyləri və digər sübutlar da araşdırıldı.
2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Vilyam Hacıyevi təqsirli bilərək 12 il müddətinə azadlıqdan məhrum etdi. Hökmə əsasən, onun dövlət qulluğunda çalışmaq hüququ da müəyyən müddətə məhdudlaşdırıldı.
Sonrakı mərhələlərdə apellyasiya və kassasiya şikayətləri verilsə də, hökm əsasən qüvvədə saxlanıldı.
Vilyam Hacıyevin cinayət dosyesi onun və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlakların müsadirəsi ilə nəticələndi.
Məhkəmə hökmünə əsasən dövlət nəfinə müsadirə olunan əmlakların ümumi dəyəri 5 milyon 344 min manatdan çox qiymətləndirilib.
Hökm və sonrakı məhkəmə qərarlarında göstərilən əmlaklara aşağıdakılar daxil idi:
Bakı şəhəri, Nərimanov rayonu ərazisində fərdi yaşayış evi;
Sabit Rəhman küçəsində yerləşən mənzil;
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən dörd mənzil;
Nardaran qəsəbəsində bağ evi;
müxtəlif torpaq sahələri;
qeyri-yaşayış obyektləri;
bank hesablarında olan vəsaitlər;
BMW X5 markalı avtomobil;
BMW 740Li markalı avtomobil;
Land Rover markalı yolsuzluq avtomobili;
Bentley Continental GT markalı lüks avtomobil;
digər qiymətli əmlak və aktivlər.
Əmlakların bir hissəsi ailə üzvlərinin adına rəsmiləşdirildiyi üçün sonradan onların müsadirəsi ilə bağlı ayrıca hüquqi mübahisələr də yarandı.
Hökm qüvvəyə mindikdən sonra Vilyam Hacıyevin cəzaçəkmə müəssisəsin göndərildi. O türmədə saatlarını, günlərini saydığı bir vaxtda ailə üzvləri müsadirə edilmiş əmlakların bir hissəsinin onlara məxsus olduğunu bildirərək məhkəmələrə müraciət etdilər.
Onlar iddia edirdilər ki, bəzi daşınmaz əmlaklar və avtomobillər cinayət yolu ilə əldə edilməyib və müsadirə edilməməlidir.
Lakin apellyasiya instansiyası bu arqumentləri qəbul etmədi. Sonradan Ali Məhkəmə də aşağı instansiyaların qərarlarını qüvvədə saxladı və müsadirə qərarı dəyişdirilmədi.
Vilyam Hacıyevin həbsibdən sonra qısa müddətdə Neftçala, Ağstala, Biləsuvar, Kürdəmir, Yevlax və digər rayonların icra başçıları da oxşar ittihamlarla saxlanıldı.
Beləliklə, İmişlidə başlayan əməliyyat sonrakı illərdə geniş antikorrupsiya kampaniyasının əsas başlanğıc nöqtələrindən birinə çevrildi.
Ardı var…Musavat.com





















