image-1backend

“New York Post”: Tramp Canni İnfantinonun BMT-nin Baş katibi olmasını istəyir  

image-ads-728x90

ABŞ Prezidenti Donald Trampın FIFA prezidenti Canni İnfantinonun BMT-nin növbəti Baş katibi vəzifəsinə namizəd olmasını istədiyi iddia edilir.

“New York Post” qəzetinin Trampa yaxın mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ lideri İnfantinonun dünyada böyük nüfuza malik olduğunu və insanları bir araya gətirmək bacarığına sahib olduğunu düşünür. Bununla belə, nəşr qeyd edir ki, isveçrəli futbol funksionerinin bu vəzifəyə namizəd olmaq niyyətində olub-olmadığı məlum deyil.

Korrekt.az xəbər verir ki, Donald Tramp və Canni İnfantino son illərdə yaxın münasibətlər qurublar. Bildirilir ki, İnfantino Trampın beynəlxalq münaqişələrin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirərək ötən ilin dekabrında ona FIFA-nın ilk Sülh Mükafatını təqdim edib.

Onların münasibətləri ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il FIFA Dünya Çempionatı zamanı da diqqət mərkəzində olub. Turnirin 1/8 final mərhələsindən əvvəl ABŞ millisinin futbolçusu Folarin Baloqunun bir oyunluq cəzasının ləğv edilməsi müzakirələrə səbəb olub. Daha sonra Donald Tramp cəzanın yenidən nəzərdən keçirilməsi üçün şəxsən Canni İnfantino ilə əlaqə saxladığını təsdiqləyib.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) bu hadisəni idmana siyasi müdaxilə kimi qiymətləndirsə də, İnfantino qərarın qəbulunda hər hansı rolunun olduğunu təkzib edib. ABŞ millisi isə sonradan Belçikaya 1:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Hazırkı BMT Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti bu ilin sonunda başa çatır. Yeni Baş katib əvvəlcə BMT Təhlükəsizlik Şurası tərəfindən irəli sürülməli, daha sonra isə Baş Assambleya tərəfindən təsdiqlənməlidir. İndiyədək bu vəzifəni yalnız siyasətçilər və peşəkar diplomatlar tutublar.

Qeyd edək ki, Donald Tramp dövlət idarəçiliyində idman və əyləncə sahəsindən olan tanınmış simalara vəzifə verməsi ilə də tanınır. Onun ikinci prezidentlik dövründə WWE-nin həmtəsisçisi Linda MakMahon ABŞ-ın təhsil naziri təyin olunub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki