Masallı rayonunun Qarğalıq kənd sakini Məlikməmməd Surxay oğlu Turabov torpağının zəbt olunmasından şikayətçidir.
Ünvanladığı müraciətdə o, yerli bələdiyyə rəhbərliyinin qanunsuz hərəkətlərindən şikayət edir. Şikayətçi bələdiyyə sədri Abuzər Bayram oğlu Mehdiyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona məxsus torpaq sahəsinə müdaxilə etdiyini bildirir.
Məlikməmməd Turabovun əlində 2006-cı ildə Dövlər Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” (Kod: 80512018, JN-204A) mövcuddur. Onun sözlərinə görə, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin deyil, Lənkəran Regional Sukanal İdarəsinin balansında olan ərazidə yerləşsə də, buna baxmayaraq, bələdiyyə sədri həmin sahəyə müdaxilə edib.
Şikayətçinin iddiasına əsasən, bələdiyyə sədri kənd sakini Nadir Muradovla əlbir olaraq ona məxsus torpaq sahəsindən digər şəxslər üçün qanunsuz yol açılmasına şərait yaradıb. Vətəndaş bunun hədə-qorxu və təzyiq yolu ilə həyata keçirildiyini bildirir.
Məlikməmməd Turabov daha bir ciddi iddia səsləndirərək qeyd edir ki, bələdiyyə sədri öz qohumuna heç bir hüquqi sənəd olmadan torpaq sahəsi ayırıb. Eyni zamanda, onun öz torpaq sahəsini rəsmiləşdirməsinə müxtəlif maneələr yaradıldığı vurğulanır.
Müraciətdə o da bildirilir ki, Qarğalıq kəndində ümumi istifadədə olan yolların və torpaq sahələrinin üzərində heç bir sənədləşmə aparılmadan yaşayış evləri tikilib. Şikayətçinin sözlərinə görə, aidiyyəti qurumlar bu hallara uzun müddətdir göz yumur və qanunsuz tikililərlə bağlı heç bir tədbir görülmür.
Məlikməmməd Turabov əlindəki rəsmi mülkiyyət sənədlərinə və torpaq planına istinad edərək, aidiyyəti dövlət qurumlarından məsələni obyektiv araşdırmağı, Qarğalıq kəndində torpaq bölgüsü ilə bağlı aparılmış əməliyyatların qanunauyğunluğunu yoxlamağı və pozulduğunu iddia etdiyi hüquqlarının bərpasını xahiş edir.
Şikayətçi hesab edir ki, məsələ ilə bağlı yerində geniş araşdırma aparılarsa, torpaq bölgüsü zamanı yol verilmiş qanun pozuntuları və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzə çıxa bilər.
Məsələ ilə bağlı bələdiyyə sədrini də dinləməyə hazırıq.Musavat.com





















