image-1backend

HƏMAS silahı yerə qoyur: Təşkilat illərdir rədd etdiyi qərarı niyə indi qəbul etdi?

image-ads-728x90
Qahirədə Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə aparılan görüşlərdə HƏMAS uzun müddətdir müzakirə edilən silahların təhvil verilməsi şərtini qəbul edib. Lakin silahların İsrailə verilməyəcəyi, bunun əvəzində tərəflərin razılaşacağı yeni idarəetmə modeli və ya üçüncü bir tərəfin nəzarətinə keçəcəyi bildirilib.
Qaynarinfo xəbər verir ki, razılaşmaya Qəzzadakı tunellərin və silah istehsal obyektlərinin də mərhələli şəkildə sıradan çıxarılması daxildir.
Məlumata görə, HƏMAS razılaşmanın icrası üçün İsrailin Qəzzadan tam şəkildə çəkilməsini əsas şərt kimi irəli sürür. İndi diqqət İsrailin bu razılaşmaya verəcəyi cavaba yönəlib.
Türkiyə, Qətər və Misirin diplomatik səyləri nəticəsində 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs elan edilmişdi. HƏMAS atəşkəsi qəbul etmiş, İsrail isə quru əməliyyatlarını dayandırmışdı. Bununla belə, İsrailin HƏMAS rəhbərliyinə qarşı hədəf əməliyyatları davam etdirdiyi iddia olunur. Son günlər Qahirədə keçirilən görüşlərdə atəşkəsin ikinci mərhələsinə keçid müzakirə edilib.
Danışıqlarda əsas fikir ayrılığı HƏMAS-ın silahsızlaşdırılması məsələsi olub. İsrail tərəfi bunun olmadan davamlı sülhün mümkün olmadığını bildirir, HƏMAS isə etimadsızlıq səbəbilə bu tələbi uzun müddət rədd edirdi. Son görüşlərdə isə tərəflərin müəyyən kompromisə gəldiyi və silahların təhvil mexanizmi ilə bağlı razılıq əldə olunduğu bildirilir.
Razılaşmaya görə, HƏMAS-a məxsus silahlar birbaşa İsrailə təhvil verilməyəcək. Bunun əvəzinə silahların beynəlxalq nəzarət və ya razılaşdırılmış üçüncü tərəf vasitəsilə idarə olunması nəzərdə tutulur.
Müzakirələrdə Qəzzadakı yeraltı tunellər və silah istehsal müəssisələrinin də mərhələli şəkildə deaktiv edilməsi məsələsi yer alıb. Məqsəd bu strukturların hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaqdır.
HƏMAS razılaşmanın icrası üçün İsrailin Qəzzadan tam çıxmasını tələb edir. Eyni zamanda, bölgədə texnokrat idarəetmə komitəsinin yaradılması və humanitar protokolların tam tətbiqi də şərtlər arasında yer alır. Hazırlanan razılaşma Türkiyə, Qətər və Misirə təqdim olunub. Prosesin gələcəyi İsrailin bu sənədə verəcəyi cavabdan asılı olacaq.


image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki