Hövsan Beynəlxalq Ticarət Dəniz Limanınında baş vermiş və gömrükçülərin də iştirakçısı olduğu qaçaqmalçılığın yeni detalları üzə çıxıb.
Musavat.com-a daxil olan məlumata görə liman üzərindən qanunsuz əməliyyatların keçirilməsi şübhəsi 2024-cü ilin əvvəlindən olub. Bakıda ayrı-ayrı ünvanlarda aksizsiz siqaretlərin satılması faktı üzrə başlanmış araşdırmalar göstərib ki, bu, sıradan qaçaqmalçılıq deyil, mütəşəkkil qaydada həyata keçirilən bir əməliyyatdır. Qaçaq siqaretlərin izi Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına uzanıb. Orada bu ilin əvvəlində gerçəkləşən əməliyyat zamanı qeydiyyatda olmayan, içi aksizsiz siqaret qutuları ilə ağzınacan dolu konteynerlər aşkar olunub. Araşdırmalar zamanı konteynerlərin İranın Bəndər Abbas limanında gəlmiş gəmilərlə daşındığı üzə çıxıb. Ötən müddət ərzində araşdırmalar davam etdirilib və Limanın rəisi Rəşad Daşdəmirovun, general Cəbrayıl Usubovun oğlu Fərid Usubovun və daha bir neçə vəzifəli şəxsin qəfil həbsi ilə nəticələnib.
Aşkar olunan 962 min 98 qutu aksiz markası olmayan tütün məmulatları ümumi olaraq 1 milyon 700 min manatdan artıq dəyərdədir.
O da bəllidir ki, bu ilin əvvəlində limanda əməliyyat keçirilərkən 3 milyon manatdan artıq dəyərə malik 2 konteyner siqaret Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir neçə əməkdaşının birbaşa köməkliyi ilə istintaqdan yayındırılıb. Qaçaqmalın İranın Bəndər Abbas limanına geri qaytarıldığı bildirilir.
Məlumdur ki, Xəzər dənizi üzərindən Azərbaycana daxil olan kommersiya yüklərinin əsas hissəsi məhz Hövsan limanına boşaldılır. Digər dəniz limanları isə, əsasən, SOCAR-a məxsus infrastrukturun tərkib hissəsidir. Bu fakt Hövsan limanının strateji əhəmiyyətini və burada baş verən hər bir qanunsuzluğun miqyasını daha da böyüdür. İstintaqla müəyyən edilib ki, tütün məmulatları Birləşmiş Ərəb Əmirliklərində yerləşən şirkətlərdən birindən alınıb, əvvəlcə İrana, daha sonra gəmi ilə Bakı-Hövsan limanına gətirilib. Növbədə olan gömrükçülərə konteynerlərin ölkəyə keçirilməsinə şərait yaradılması tapşırığı verilib. Konteynerlər heç bir yoxlamadan keçmədən liman ərazisindən çıxarılıb və Türkan qəsəbəsində mütəşəkkil dəstənin icarəyə götürdüyü sahəyə daşınıb.
Cinayət işi üzrə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin gömrük postu rəisi Fərid Usubov, eləcə də Heydər Eyvazov, Fariz Məhərrəmov, Rövşən Tarverdiyev, Firuz Əliyev, Zaur Haşımov və Fərrux Haqverdiyev həbs ediliblər. Daha 2 gömrük əməkdaşı isə Türkiyəyə, oradan da İrana qaçaraq izlərini itirib.
Maraqlıdır ki, Hövsan limanı uzun illərdir Eyyubovların patronajlığı altında fəaliyyət göstərən qurum kimi tanınıb. Elə bu fonda limanın tabe olduğu Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, general-mayor Həsən Nəbi oğlu Eyyubovun təqaüdə göndərilməsi xüsusi diqqət çəkir. Rəsmi olaraq bu qərar dekabrın 12-də elan edilsə də, faktiki olaraq Həsən Eyyubov dekabrın 17-də yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
DGK-nin İstintaq İdarəsində başlanmış cinayət işi materialları sonradan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Hazırda istintaq təkcə siqaret qaçaqmalçılığı ilə kifayətlənmir. Hövsan limanı vasitəsilə ölkəyə başqa hansı yüklərin gətirilməsi də araşdırılır. Bu məqamda ölkə gündəmində paralel gedən başqa bir proses də diqqətdən kənarda qalmır. Bu gün kimlərsə Ramiz Mehdiyevin adını hallandıranda onun istintaqa cəlb edilməsini sanki son ayların “improvizasiyası”, yaxud uğursuz siyasi fantaziya kimi təqdim etməyə çalışır. Halbuki “Dövlət Şurası” planı bu günün, dünənin, hətta ötən ilin işi deyildi. Bu, uzun müddətə hesablanmış, mərhələli şəkildə qurulmuş və xarici siyasi maraqlarla uzlaşan strateji layihə idi. Bu plan illərlə kağız üzərində “bişirilib”, kabinetlərdə müzakirə edilib, mediada yoxlanılıb, cəmiyyətin reaksiyası ölçülüb. Və ən əsası uyğun beynəlxalq fon gözlənilib. Hazırlıq dövrü sistemli şəkildə aparılıb. Ramiz Mehdiyev sıradan məmur deyildi. O, dövlət aparatının içindən çıxmış fiqurdur. Açıq desək, bu, formal hakimiyyətin arxasında real gücü saxlayan kölgə hakimiyyət modeli kimi görünür. Ramiz Mehdiyevin “Dövlət Şurası” planının addım-addım hərəkətə gətərildiyi bir vaxtda, İran üzərindən, məhz Hövsan dəniz limanı vasitəsilə Azərbaycana daha hansı yüklərin daşındığı sualı cəmiyyətdə ciddi maraq doğurur. “Dövlət Şurası” planının gerçəkləşməsi üçün zor və silahlı hücumlar nəzərdə tutulmuşdusa, lazımi vasitələr, elə həmin silah haradan və necə əldə olunacaqdı? Xarici güclər qaçaq yolla “Dövlət Şurası”na silah göndərmək istəsəydilər, Hövsan limanındakı qaçaqmalçıların xidmətindən yararlanmaq həvəsinə düşə bilərdilərmi?
“Mehdiyevin işi” üzrə ilkin istintaq müddəti fevral ayının sonuna qədər təyin edilib. Ancaq artıq indidən aydındır ki, bu iş təkcə Mehdiyevlə məhdudlaşmayacaq, onun “Dövlət Şurası”na gizli dəstək verən irili-xırdalı bütün hakimiyyət təmsilçilərini və digərilərini əhatə edəcək.





















