ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı hələlik yekun qərar verməyib.
Korrekt.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, Vens mümkün namizədliyi ilə bağlı qərarını yeni ilədək verməyi planlaşdırmır. Onun bu niyyətini ictimaiyyətə açıqlamaq üçün isə gələn ilin yazının sonunadək gözləyə biləcəyi bildirilir. Vitse-prezidentin namizədlik məsələsini hazırda ailəsi ilə müzakirə etdiyi qeyd olunur.
Bununla belə, Vensin yaxın siyasi çevrəsində onun 2028-ci il seçkilərində Respublikaçılar Partiyasının namizədi olacağına inam kifayət qədər güclüdür. Onun məsləhətçiləri Vensin seçkiyə qatılmalı olduğunu düşünür və namizədliyini irəli sürəcəyini ehtimal edirlər. Tərəfdarları həmçinin respublikaçıların aralıq seçkilərdəki nəticələrinin vitse-prezidentin siyasi mövqelərinə ciddi təsir göstərmədiyini bildirirlər.
Eyni zamanda, Respublikaçılar Partiyasında 2028-ci il prezident seçkiləri ilə bağlı mümkün namizədlərin dairəsi genişlənir. “Axios”un məlumatına görə, senator Ted Kruzun komandası onun prezidentliyə namizədliyini müzakirə etmək üçün toplantı keçirib.
Bəzi respublikaçılar isə dövlət katibi Marko Rubionu Vens üçün daha ciddi rəqib hesab edirlər. Potensial namizədlər sırasında Virciniyanın keçmiş qubernatoru Qlenn Yanqkin, Corciya qubernatoru Brayan Kemp və Florida qubernatoru Ron DeSantis də göstərilir.
Beləliklə, Respublikaçılar Partiyasında 2028-ci il seçkiləri uğrunda mümkün rəqabət indidən formalaşmağa başlayır. Lakin Vensin qərarını nə vaxt və hansı istiqamətdə verəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.





















