İranın ali rəhbəri Əli Xameneiyə yaxınlığı ilə tanınan radikal “Keyhan” qəzeti dərc etdiyi məqalədə ərəb ölkələrinə qarşı sərt bəyanatlar səsləndirib.
Korrekt.az xəbər verir ki, nəşr iddia edib ki, İranın enerji infrastrukturu hədəfə alınacağı təqdirdə belə, ölkədə enerji təminatı tamamilə dayanmayacaq. Məqalədə qeyd olunub ki, buna cavab olaraq İran raket zərbələri endirməklə Fars körfəzi regionundakı ərəb ölkələrini “bir günün günorta saatlarınadək kritik böhran vəziyyətinə sala biləcək” imkanlara malikdir.
Bununla yanaşı, məqalədə İranın region ölkələrinin daxili siyasi proseslərinə təsir göstərmək və yeni hökumətlərin formalaşmasına dəstək vermək gücünə sahib olduğu da iddia edilib.
“Keyhan” yazıb ki, əgər regionda yenidən genişmiqyaslı hərbi əməliyyatlar başlayar və infrastruktur obyektləri hədəfə çevrilərsə, bu, qarşı tərəfin bölgəni tərk etmək barədə son qərarını verdiyini göstərəcək.
Qeyd edək ki, sözügedən bəyanatlar İranın ali rəhbərliyinə yaxın mövqeyi ilə seçilən “Keyhan” qəzetində dərc olunub. Məlumat Iran International nəşrinə istinadən yayılıb.





















