“Hər keçən gün İranı geri dönüşü olmayan bir uçuruma sürükləyir.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət səsləndirib.
Şərhçi müharibənin başa çatması üçün mümkün olan alternativ variantları təhlil edib:
“İlk növbədə vurğulamalıyam ki, İran hazırkı durumda şərt irəli sürəcək vəziyyətdə deyil. Şərt irəli sürmə haqqına sahib olan tərəflər Amerika və İsraildir. İranın mövcud vəziyyəti elədir ki, qarşı tərəfə hər hansı şərt qoyub müharibəni dayandıra bilməz. İran hazırda yalnız təslim olaraq ABŞ-la masa arxasında qeyd-şərtsiz oturmağa hazır olduğunu bəyan edə bilər. Belə olan halda, ABŞ bu bəyanı qəbul etməsə, dünya ictimaiyyəti Trampı qınaya bilər. Mən İranın irəli sürdüyü şərtləri görmüşəm; Amerika bu şərtləri qəbul etməyəcək”.
A. Həsrətin sözlərinə görə, Azərbaycan və Türkiyə İranın müharibəni dayandırmasına köməklik göstərə bilər:
“Azərbaycan da daxil olmaqla, bölgə ölkələri İranın bu vəziyyətdən çıxmasına yardımçı ola bilər. Xüsusilə də, Azərbaycan və Türkiyənin bu potensialı var. Təəssüf ki, İran bu iki qonşu dövlətin imkanlarından istifadə etmək istəmir. İran hazırda sanki düşdüyü ağır durumdan çıxmağa cəhd belə etmir. Onlar yalan və mənasız bəyanatlar verirlər. Amerikanı dağıtdıqlarını, İsraili yox edəcəklərini bəyan edərək dünyaya yalan danışırlar. Onlar unudurlar ki, Amerikanın hərbi büdcəsi ilə nəinki İranın, hətta dünyanın heç bir dövlətinin hərbi büdcəsini müqayisə etmək mümkün deyil. Çin kimi iqtisadi nəhəngin belə hərbi büdcəsi Amerikanın büdcəsindən 3 dəfə azdır. ABŞ-ın hərbi büdcəsi 1 trilyon dollar, İranınkı isə 45-46 milyard dollar civarındadır. Tramp özü yaxın günlərdə bildirdi ki, İranı 5-6 il ərzində dayanmadan raket atəşinə tutsalar belə, arsenalları tükənməz. Nəzərə alsaq ki, İranın arsenalı tükənmək üzrədir, onların hazırda şərt irəli sürəcək vəziyyətdə olmadığı aydındır”.
Şərhçi İranın müharibənin davam etməsində maraqlı olduğunu, lakin bunun səbəbinin qaranlıq qaldığını vurğulayıb:
“İran qonşulara müraciət etməli və vəziyyətdən çıxmaq üçün onlardan kömək istəməlidir. Hazırda yeganə ehtiyac duyulan məsələ müharibənin dayandırılmasıdır. Müharibə nə qədər tez bitərsə, İran bir o qədər qazanclı çıxar. Hər keçən gün İranı geri dönüşü olmayan bir uçuruma sürükləyir. İran rəhbərliyi bunu həqiqətənmi anlamır? Belə başa düşürəm ki, İran müharibənin davam etməsində maraqlıdır. Bəs bunun arxasında nə dayanır? Bunu zaman göstərəcək”.





















