“İran prezidenti Məsud Pezeşkianın Naxçıvana dron hücumu ilə bağlı mövqeyi bir sıra suallar doğurur. “- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
O, saytımıza açıqlamasında bildirib ki, Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək məsələni müzakirə etmək və ya üzr istəmək əvəzinə, Rusiyanın prezidenti Vladimir Putinə zəng etməyi üstün tutub.
Politoloqun sözlərinə görə, İran prezidenti həmin telefon danışığında ölkəsinin Azərbaycana dron hücumu həyata keçirmədiyini bildirib və hadisəni “düşmənlərin əməli” kimi qiymətləndirib.
Arzuman Muradlı qeyd edib ki, bu yanaşma əslində hücumun ABŞ və ya İsrail tərəfindən həyata keçirildiyi barədə eyham kimi təqdim olunur:
“Demək, Məsud Pezeşkian Naxçıvana dron hücumu ilə bağlı üzr istəmək və məsələni araşdırmaq əvəzinə təkzib yolunu seçib. İran prezidentinin ‘düşmənlərin əməlidir’ iddiasının arxasında dron hücumunun ABŞ və ya İsrail tərəfindən həyata keçirildiyinə işarə edilir. Bu məntiqə görə, guya ABŞ və ya İsrail İran ərazisindən Naxçıvana dron hücumu təşkil edib”.
Politoloq əlavə edib ki, bu iddianın başqa bir izahı da iki ölkə arasındakı münasibətləri gərginləşdirmək məqsədi ilə bağlıdır:
“Pezeşkian və onun kimi düşünənlərin məntiqinə görə, ABŞ və İsrail İran üzərindən Azərbaycan ərazisinə dron hücumu həyata keçiriblər ki, Bakı ilə Tehran arasında münasibətlər gərginləşsin. Elə bil bu illər ərzində Azərbaycana qarşı müxtəlif təxribatları İranın güc strukturları həyata keçirməyib”.
Arzuman Muradlı bildirib ki, Azərbaycanın xüsusi xidmət orqanları bu istiqamətdə dəfələrlə ciddi faktlar ortaya qoyub. Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əks-kəşfiyyat tədbirləri nəticəsində SEPAH tərəfindən Azərbaycanda planlaşdırılan terror təxribatlarının və kəşfiyyat xarakterli məlumatların toplanmasının qarşısı alınıb.





















