İranda nəşr olunan “Comhuri-ye Eslami” qəzeti ötən həftə Ukraynanın Xəzər dənizində İran gəmisinə zərbə endirməsindən sonra dərc etdiyi məqalədə rəsmi Tehranı Ukrayna ilə münasibətlərdə Rusiyadan fərqli və daha ehtiyatlı siyasət yürütməyə çağırıb.
Korrekt.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Ukraynanın İranı həmin gəmi vasitəsilə Rusiyaya silah göndərməkdə ittiham etməsindən asılı olmayaraq, Tehran hadisənin arxasında dayana biləcək mümkün məqsədləri diqqətlə qiymətləndirməlidir.
Qəzet iddia edir ki, Qərb İranı daha geniş regional qarşıdurmaya cəlb etmək üçün bəhanə axtara bilər.
Nəşrin fikrincə, İranın Ukrayna ilə açıq qarşıdurmaya girməsi ABŞ və NATO-nun maraqlarına xidmət edə bilər.
“Comhuri-ye Eslami” vurğulayır ki, Tehranın Ukraynanın İran gəmisinə hücumuna cavab olaraq Kiyevlə münasibətləri daha da gərginləşdirməsi düzgün addım olmaz. Əksinə, tərəflər arasında gərginliyin azaldılması üçün diplomatik yolların axtarılması daha məqsədəuyğundur.
“Əgər İran Ukraynanın İran gəmisinə hücumu ilə bağlı ayıq-sayıq davranmasa, ABŞ öz məqsədinə çata bilər. İran rəsmiləri Ukrayna ilə yaranmış gərginliyin aradan qaldırılması istiqamətində uzaqgörən və düşünülmüş siyasət yürütməlidirlər”, – deyə qəzetdə bildirilir.





















