Bu gün İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu İran və Azərbaycan arasında münasibətlərin möhkəm siyasi iradə və dərin tarixi köklərə əsaslandığını bildirib.
Korrekt.az xəbər verir ki, Səfir diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibətilə qələmə aldığı “Köhnə köklərdən yeni üfüqlərə” adlı məqaləsində iki ölkə arasındakı birlik və dostluğun sarsılmaz olduğunu vurğulayıb. Dəmirçilu qeyd edib ki, İran Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub və bu addım sabit ikitərəfli münasibətlər üçün möhkəm zəmin yaradıb.
Onun sözlərinə görə, iki xalq arasındakı əlaqələr adi dövlətlərarası münasibətlərdən kənara çıxaraq əsrlər boyu formalaşmış ortaq mədəniyyətə, tarixə və dəyərlərə söykənir. Son 30 ildə dostluq və qardaşlıq münasibətləri mövcud çətinliklərə baxmayaraq qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edib.
Dəmirçilu bildirib ki, İran və Azərbaycanın siyasi iradəsi və səmimi öhdəliyi birgə təşəbbüslərdə və iqtisadi əməkdaşlıqda açıq şəkildə özünü göstərir. O, 19 may 2024-cü ildə Araz çayı üzərində birgə bəndlərin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin “İran və Azərbaycan Respublikası arasındakı ittifaq və dostluq sarsılmazdır” sözlərini xatırladıb.
Səfir həmçinin medianın, yazıçıların və siyasi analitiklərin iki ölkə arasında münasibətlərin formalaşmasında mühüm rol oynadığını, yanlış məlumatlandırmaların qarşısının alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, jurnalistlər iki qardaş xalq arasında süni ayrılıq yaratmaq cəhdlərinə qarşı ortaq tarixi və strateji maraqları ön plana çıxarmalıdır.
Dəmirçilu əlavə edib ki, İran və Azərbaycan arasındakı əməkdaşlıq regional sabitliyin möhkəmlənməsinə, təhlükəsizliyin güclənməsinə və Qafqazda inkişafın təşviqinə töhfə verə bilər. İki ölkə arasındakı iqtisadi və mədəni əlaqələrin güclü olması hər iki xalqın maraqlarının daha yaxşı qorunmasına xidmət edir.
Diplomatik münasibətlərin 34-cü ildönümünün yalnız tarixi hadisə olmadığını qeyd edən səfir bildirib ki, bu, həm də mehriban qonşuluq, sülh və qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiqliyin yenidən təsdiqi üçün mühüm fürsətdir.





















