İranın gənclər və idman naziri Əhməd Dünyamalı Azərbaycanla münasibətlərin Tehran üçün prioritet istiqamətlərdən biri olduğunu bildirib.
Korrekt.az xəbər verir ki, nazirin sözlərinə görə, İranın xarici siyasətində əsas hədəflərdən biri dünya ölkələri, xüsusilə də ortaq sərhədə malik qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsidir. O qeyd edib ki, ortaq mədəni dəyərlər və zəngin tarixi münasibətlər Azərbaycanı İran üçün xüsusi əhəmiyyət daşıyan ölkələrdən birinə çevirir.
Əhməd Dünyamalı vurğulayıb ki, mərhum Prezident İbrahim Rəisinin dövründə də Azərbaycan da daxil olmaqla qonşu ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilirdi. Onun sözlərinə görə, Prezident Məsud Pezeşkian hökuməti də bu siyasəti davam etdirir və Azərbaycanla əməkdaşlığın inkişafını prioritet istiqamətlərdən biri hesab edir.
Nazir iki ölkə arasında təhlükəsizlik sahəsində qarşılıqlı etimadın vacibliyini qeyd edərək bildirib:
“Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir, bizim təhlükəsizliyimiz də Azərbaycanın təhlükəsizliyidir.”
O əlavə edib ki, Tehran iqtisadi, mədəni və idman sahələrində Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Xüsusilə iqtisadi əlaqələrin sürətləndirilməsinin İran üçün böyük əhəmiyyət daşıdığını deyən nazir Astara sərhəd-keçid məntəqəsinin bu baxımdan xüsusi rol oynadığını vurğulayıb.
Əhməd Dünyamalının sözlərinə görə, hökumət fəaliyyətə başladığı ilk gündən Rəşt–Astara dəmir yolu layihəsini əsas gündəlik məsələlərdən biri kimi diqqətdə saxlayır. O bildirib ki, layihə üzrə müəyyən irəliləyiş əldə olunub və tikinti işlərinin yaxın vaxtlarda başlanacağına ümid edilir.
Nazir qeyd edib ki, Azərbaycanla dəmir yolu bağlantısı təkcə iki ölkə üçün deyil, həm də Rusiya və Avrasiya regionu üçün mühüm tranzit imkanları yaradacaq. O, İran Xarici İşlər Nazirliyi və ölkəsinin Azərbaycandakı səfirliyinin səyləri nəticəsində layihənin həyata keçirilməsi prosesinin daha da sürətlənəcəyinə ümid etdiyini bildirib.





















